Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 23:26
Qarabağ həsrətinin simvolu olan xarı bülbülə, Azərbaycanın möhtəşəm mədəniyyət və musiqi beşiyi olan Şuşaya, dağlar diyarı Kəlbəcər və Laçına, hər biri öz füsunkar gözəlliyi ilə Qarabağa yaraşıq və təravət bəxş edən Ağdama, Füzuliyə, Cəbrayıla, Zəngilan və Qubadlıya qovuşduğumuz, Hadrut qəsəbəsi və Suqovuşanın azad edildiyinə görə böyük sevinc və qürur hissi keçirirəm. Şükür ki, nisgilimız qəlbimizdə qalmadı, şükür ki, uğrunda qan tökdüyümüz, qurban verdiyimiz Vətənimizin bir parçası yağı işğalından azad edildi. Yurduna, torpağına qəlbən bağlı hər kəs üçün bundan böyük hədiyyə ola bilməz.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Xəzər" markalı avtomobilinin təqdimetmə mərasimində Birinci Qarabağ müharibəsində ikinci qrup əlil olmuş Razim Bayramov deyib.
"Bu azmış kimi bu gün başqa bir hədiyyə də almışam - mənə yeni avtomobilin açarları mənə təqdim olunub. Yeni il ərəfəsində aldığım bu hədiyyəyə görə öz minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu il xalqımız üçün ən uğurlu və yaddaqalan illərdən biri oldu. Vətən müharibəsində Qarabağ torpaqlarının erməni yaraqlılarından, hərbi birləşmələrindən təmizlənməsini çox böyük hadisədir. Bu qələbəni döyüşçü kimi yaşamaq mənə nəsib olmadı. Qarabağ savaşının ilk günlərindən könüllü olaraq silaha sarılsam da, 1992-ci il martın 17-də Ağdərənin Gülyataq kəndində minaya düşdüm. Yaralandığıma görə döyüşçü yolumu davam etdirə bilmədim. Nə yaxşı ki, arzum ürəyimdə qalmadı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Milli Ordumuzun qəhrəman əsgərləri altı həftədə xalqımıza heç vaxt unudulmayacaq Böyük Qələbə, tarixi Zəfər bəxş etdilər. Onların sırasında bacım oğlu Vüsal Qəmbərov da olub. O, həkim kimi yaralı əsgərlərə xidmət edib. Növbəti dəfə yaralıların köməyinə gedərkən Tərtər rayonunun Talış kəndində avtomobildə ikən yaralanıb", - deyə keçmiş döyüşçü bildirib.
Qarabağ qazisi fikrini bu sözlərlə yekunlaşdırıb: "Qələbədən sonra bütün ağrı-acımı, arxada qalan çətinlikləri unutmuşam. Ümid edirəm ki, bundan sonra xalqımız, dədə-baba torpağından didərgin salınmış məcburi köçkün ailələri doğma ocağa dönüşün sevincini yaşayacaq. Qoy xalqımızın nəsibi həmişə xoş günlər olsun!".