Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Biz bunu gözləyirdik'' - Xocavənddəki erməni təxribatına polkovnikdən reaksiya

''Biz bunu gözləyirdik'' - Xocavənddəki erməni təxribatına polkovnikdən reaksiya

Tarix: 28 Dekabr 2020 17:45

"İşğaldan azad edilən ərazilərimizdə xoşagəlməz hadisələr baş verir və hələ olacaq da. Ona görə ki, Azərbaycanın bu qələbəsi ilə, bu sənədə qol çəkməsi ilə razı olmayan müəyyən bir erməni qrupları var və onlar həm xaricdədir, həm daxildə".

Bunu Sonxeber.net-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, dünyada müharibənin bitdiyi bütün yerlərdə müəyyən silahlı quldur dəstələri, terrorçular təxribatlar törətməyə çalışırlar:

"Biz bunu gözləyirdik. Ona görə ki, bilirdik ki, orada partizan döyüşləri üçün hazırlıq görürdülər. Düşmən prinsip cəhətdən hər şeyə hazırlaşırdı. Amma əlbəttə ki, onlar bilmirdilər ki, hər şey belə sürətlə cərəyan edəcək. Sadəcə, müəyyən tədbirləri əvvəlcədən görmüşdülər. 

Azərbaycan Ordusu qələbə çalıb. Bizim qarşımızda olan əsas tapşırıqlar yerinə yetirilib. Yəni, işğalçılar Azərbaycan ərazisindən qovulub, ərazi bütövlüyümüz bərpa olunub və artıq təmas xətti yox, Ermənistanla Azərbaycanın arasında dövlət sərhəddi yerləşir. Yəni, bunu Azərbaycan yerinə yetirib. O ki qaldı indiki proseslərin gedişinə, biz indi dünyaya nəzər salsaq, müharibənin bitdiyi bütün yerlərdə bu kimi halların olduğunun şahidi olarıq. Bir müddət həmin ərazilərdə quldur dəstələri, terrorçular və s. hansısa təxribatlar törətməyə cəhd edirlər, insanları qətlə yetirirlər. Belə şeylər hər yerdə var. Hətta II Dünya Müharibəsindən təxminən 20 il sonra da müəyyən bir cinayətlkar, quldur dəstələri ilə daxildə belə proseslər gedirdi. İndi Azərbaycan da istisna olunmur. Xüsusən biz bilirik ki, biz hansı düşmənlə üz-üzəyik. Digər yandan bilirik ki, bunlar xaricdən idarə olunan bir qurum idi. İndi Ermənistanın hərbi-siyasi rəhbərliyi özlərinin vaxtilə gətirdiyi bu quldurları artıq nəzarətdə saxlaya bilmirlər, nəzarətdən çıxıb və onlar da ayrı-ayrı şəxslərlə, qurumlarla, lobbilərlər, diasporalarla maliyyələşdirilirlər. Bunlar hamısı təbii bir prosesdir, mən buna belə baxıram.

Bu hücum nə hücum ola bilər ki? 6 erməni terrorçusu yüngül çaplı silahlarla hücum ediblər. Azərbaycanın qarşısında ağır silahlarla silahlanmaqlarına baxmayaraq tab gətirə bilməyənlər indi bu qüvvə, bu silahlarla dura biləcəklər? ƏIbəttə yox!

Azərbaycanın güc strukturları yetərli qədər professionaldır və döyüş təcrübəsi olan heyətdir. İşğalçı qüvvələr Azərbaycan ərazilərini tərk edəndən dərhal sonra Azərbaycanın güc strukturları məhz həmin o terrorçuları izləmək, onları zərərsizləşdirməklə məşğul idi və bu günə kimi də məşğuldurlar. Düşünürəm ki, onlar tərksilah olacaq, məhv ediləcək və bununla da demək olar ki, proseslər müəyyən bir şəkildə sabitləşəcək. Sadəcə problem ondan ibarətdir ki, indi bizim strukturlar da orada geniş fəaliyyət göstərə bilmirlər. Çünki hər yer mina sahələridir, infrastruktur bərpa olunmayıb, boş yerlər çoxdur. Biz ancaq hansısa məhdud yollara bağlıyıq. Hava şəraiti də bu prosesi daha da ağırlaşdırır. Buna baxmayaraq, Azərbaycanın professional güc strukturları öhdələrinə qoyulan tapşırıqları yerinə yetirirlər və bəlkə də demək olar ki, güc strukturlarımızın bu günə kimi məhv etdiyi terrorçuların və yuvalarının sayı onlarla hesablanır, belə də davam edəcək.

Erməni tərəfinin məqsədi odur ki, sülhməramlı qüvvələrin orada olduğu belə bir vəziyyətdə Azərbaycanı hansısa bir addım atmağa və sülhməramlı qüvvələrlə müəyyən bir şəkildə üz-üzə qoymağa çalışırlar. Çünki artıq bəzi çağırışlar var. Ancaq düşünürəm ki, sülhməramlı qüvvələr indi tam şəkildə öz vəzifələrini yerinə yetirə bilmirlər. Çünki hələ təzə-təzə yerləşirlər, ərazini tanımırlar, xüsusiyyətini bilmirlər. İndi zaman lazımdır ki, sülhməramlı qüvvələr orada oturuşsunlar, nəzarət etməli yerləri tam şəkildə nəzarətə götürsünlər. Və Azərbaycan güc strukturları Rusiyanın sülhməramlı qüvvələri ilə sıx əlaqədədir. Çox keçməyəcək, elə Rusiyanın özlərinin cavabdeh olduğu ərazilərdə hansısa təxribatlar törədiləcəksə, düşünürəm ki, Rusiya sülhməramlıları ilə o terrorçuların cavabları veriləcək.

Hələ monitorinq qrupu da tam yerləşməyib. Bunlar hamısı, hazırlıq işləri qurtarandan sonra, hər şey işlək vəziyyətə gətiriləndən sonra artıq onların da imkanları məhdudlaşacaq. Çünki pilotsuz uçuş aparatları ilə hər şey göydən nəzarətdə saxlanılacaq, monitorinq qrupu bütün bu cür hadisələri müşahidə edəcək və təbii ki, lazım olan cavabı da verəcək. Burada heç bir narazılığa səbəb yoxdur. Bəli bölgədə quldurlar, terrorçular var, olublar, əlbəttə silahlıdırlar, əlbəttə bizim səgərlər arasında itkilər də ola bilmək ehtimalı var. Ancaq anlamalıyıq ki, bu, postmüharibə dövrüdür. Postmüharibə dövründə belə şeylərin olmasını gözləyirdik və buna demək olar ki, hazır idik. Bizim güc strukturları elə indi məhz onları məhv etməklə məşğuldurlar. Düşünürəm ki, bu tapşırığın da öhdəsindən layiqincə gələcəklər. Mina sahələri təmizlənəcək, artıq daha geniş sahədə fəaliyyət göstərmək imkanı olacaq.

Azərbaycan özü də pilotsuz uçuş aparatları istehsal edir. Yetərli qədər imkanlarımız var və düşünürəm ki, bizim onları yuvalarında məhv etməyə imkanımız hələ çox olacaq".

Xatırladaq ki, dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

Təhməz Əsədov


Etiketlər:  bunu gözləyirdik Xocavənddəki erməni təxribatına polkovnikdən reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ