Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 23:12
O, haqq savaşımızın başlayacağı günü, torpaqlarımızın düşmən işğalından azad olunması üçün veriləcək əmri səbirsizliklə gözləyən ehtiyatda olan zabitlərimizdən biri idi. Onun peşəkarlığı və döyüş hazırlığı Vətən müharibəsində rəşadətli Ordumuza böyük zəfərlər qazandırdı. Söhbət Vətən müharibəsində qəhrəmanlığı ilə tarix yazaraq şəhid olan polkovnik-leytenant Nail Orucovdan gedir. Əməkdaşımız ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunan cəsur zabitimizin ailəsində olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Nail Rəfail oğlu Orucov rəşadətli Ordumuzun zəfərlə bitirdiyi Vətən müharibəsində xüsusi qəhrəmanlıq dastanı yazan igidlərimizdən biridir. 1978-ci il iyunun 11-də Astara rayonunun Məscidməhəllə kəndindən dünyaya göz açan Nail 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub. 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində hərbi təhsilini davam etdirən qəhrəmanımız savadlı hərbçi kimi burada özünü daha da təkmilləşdirir. O, 1999-2016-cı illərdə Gədəbəy, Qusar, Goran, Ağdam, Füzuli və Ağcabədi rayonlarında yerləşən hərbi hissələrdə şərəflə xidmət edir.
Murovdağ qartalı Raquf Orucovla uzun illər birlikdə xidmət edən Nail Aprel döyüşlərində onun şəhid olmasından çox təsirlənir. Həmin il ordudan tərxis olunsa da, ehtiyatda olan polkovnik-leytenantın ürəyi Vətənlə döyünürdü. 2020-ci ilin iyulunda Tovuz istiqamətində işğalçı Ermənistan ordusunun növbəti təxribatları nəticəsində general-mayor Polad Həşimov və bir neçə zabitimizin şəhid olması xəbəri Naili düşmənə qarşı daha da hiddətləndirir. Bu hadisələrdən sonra o, könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edir, müharibə olarsa, təcrübəli zabit kimi döyüşlərdə iştirak etməsini istəyir.
Sentyabrın 27-si Azərbaycanın cəsur övladlarının arzuladığı Vətən müharibəsi başlayır, Nail uzun illərdir gözlədiyi hücum əmrinin verilməsi ilə hər iki arzusuna çatır. Həm Qarabağ düşmən işğalından azad olur, həm də o, Raquf Orucovun, Polad Həşimovun, dostlarının qisasını alaraq şəhidlik zirvəsinə yüksəlir.
Şəhidin həyat yoldaşı Nərgiz Orucova deyir ki, Nail tez-tez ailəsi ilə telefonla danışırdı. Onun sonuncu zəngi isə oktyabrın 28-də olur: "Həmin gün bizimlə çox nikbin və gülə-gülə danışdı. Baxmayaraq ki, şiddətli döyüşlər gedirdi. Narahat olmayaq deyə bizə heç nə söyləmirdi. Sonuncu danışığında mənə uşaqların gələcəyi ilə bağlı tövsiyələrini verdi ki, onların təhsili ilə maraqlan, bu yolda dəstək ol. Sadəcə, həmin an elə bilirdik bizə nəsihət edir. Amma şəhid olandan sonra bildik ki, onun sözləri sən demə bizə vəsiyyət imiş..."
Nigar xanımla 2002-ci ildə ailə həyatı quran Nailin 3 oğlu var. Övladlarını Vətənə əmanət edən Nail müharibəyə gedərkən Ruslan, Əlihəsən və İbrahimə öz arzularını da bildirib.
"Atam cəbhəyə gedəndə bizi qarşısına alıb, bir neçə kəlmə söylədi. Dedi ki, siz artıq böyük oğlanlarsınız. Müharibədir, getmək də var, gəlməmək də. Həmin an gəlib. Qarabağı azad etməyə gedirik. Siz həmişə başınızı dik tutun. Son zəngində bizimlə danışanda bildirdi ki, evin önündən bayraq asın. Biz də asdıq... Amma atam özü də sinəsi üstündə bizə bayraq gətirdi", - deyən şəhidin oğlu Əlihəsənin gözləri dolur.
Şəhidin qardaşı Naib Orucov isə bildirir ki, Nail iyulda Tovuzda baş verən düşmən təxribatlarına çox əsəbləşmişdi: "Ordudan tərxis olunsa da, itkilərimiz onu çox narahat edirdi. Milli Qəhrəman Polad Həşimov və dostu, bir yerdə təhsil aldığı Anar Novruzov şəhid olandan sonra o, komissarlığa könüllü müraciət edir. Arzusuna da çatdı. Vətən müharibəsi başladı, o da cəbhəyə yollandı, tabor komandiri idi. Sonuncu dəfə danışanda anamı, uşaqları və ailəsini mənə tapşırdı ki, onlardan muğayat olarsan".
Vətən müharibəsi başlayan ilk gündən etibarən Nail Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Böyük övladı Ruslana "şəhid olsam, həkimlik diplomunu məzarım üstünə gətir", - deyə vəsiyyət edib.
Qəhrəman zabit, şəhid polkovnik-leytenant Nail Orucov ölümündən sonra "Vətən Uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.