Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

85 gündən sonra nəşi gətirilən şəhidin həyat yoldaşı: ''Anası oğlunun tabutu qarşısında qurban kəsdi'' - FOTO

85 gündən sonra nəşi gətirilən şəhidin həyat yoldaşı: ''Anası oğlunun tabutu qarşısında qurban kəsdi'' - FOTO

Tarix: 6 Yanvar 2021 07:42

44 günlük Vətən müharibəsinin unudulmaz qəhrəmanlarından biri də 32 yaşlı Kəlbiyev Telman Yadigar oğludur.

Qəhrəman gizirimiz Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub.

Ailədə səkkiz uşaq olublar. Yeddi bacının qəhrəman qardaşı olan Telman ömrünü vətəninə həsr edən hərbçilərdən olub.

Şəmkirdə N saylı hərbi hissəfə gizir olan Telman Kəlbiyev müharibənin ilk günlərindən ön cəbhədə olub. Gizirimiz general-mayor Polad Həşimovun seçdiyi cəsur hərbçilərdən biri olub.

Sonxeber.net bildirir ki, bu barədə oxu.az-a şəhid gizirin həyat yoldaşı Günay Kəlbiyeva məlumat verib.

O deyir ki, Telman peşəkar hərbçi, qayğıkeş ailə başçısı olub:

"Müharibə başlayanda Şəmkirdən gedən hərbçilərdən olub. Döyüşdə həmlə bölüyünün kamandiri olub. Sentyabrın 27-si döyüşə girdiklərini bilirəm. İlk olaraq Murovdağ yüksəkliyinin azad olunması istiqamətində gedən döyüşdə iştirak edib. Yüksəkliyi qısa zamanda düşməndən azad edib, ayın 30-u Kəlbəcər istiqamətinə gediblər. Telman 71 nəfərlik heyəti olan dəstəsi ilə döyüş tapşırıqlarını yerinə yetirmək üçün irəli gedib".

Şəhidimiz ilk olaraq Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanır:

"Döyüşdə ilk yarasını orada alıb. Döyüş yoldaşları dedi ki, sağ ayağından qəlpə yarası alıb. Ona deyilib ki, belə getmə, qayıt. Amma Telman onların təkidinə baxmayaraq, döyüşə davam edib. Oktyabrın ikisi onların mövqeləri düşmən tərəfindən atəşə tutulub. Minaatan mərmisi hərbçilərin yaxınlığına düşüb və Telman ayaqlarından ağır yaralanıb. Elə döyüş meydanında digər silah yoldaşları ilə birlikdə şəhid olub".

"Köməyə gələn əsgər yoldaşını şəhid olmasın deyə qovub"

32 yaşlı şəhidin yoldaşı deyir ki, son dəfə Telman Kəlbiyevlə senytabrın 30-da danışıb:

"Son dəfə danışanda dedi ki, Murovdağdan qayıtmışıq. Çox çətin döyüş getdi, indi səsimi eşidirsəsə, bu möcüzədir yəni. O bilirdi ki, getdiyi yolun dönüşü olmaya bilər. Ən çox övladlarına görə nigaran idi. Dedi qayıtsam hər şey yaxşı olacaq, amma qayıtmasam, uşaqlara yaxşı bax. Biz Telmandan 67 günə yaxın xəbər ala bilmədik. Hərbçi yoldaşları ilə əlaqə saxlamağa çalışdıq. Çünki hospitallarda, nazirlikdə Telmanın adı nə yaralı, nə ölənlər sırasında çəkilmirdi. Nəhayət döyüş yoldaşları ilə danışanda bildik ki, itkin düşməyib, şəhid olub...

Onların dəstəsindən olan iki hərbçi bizə gəlmişdi, Telman barədə bizə danışdılar. İkinci dəfə minaatan mərmisinin partlaması nəticəsində Telmanın sağ ayağı ombadan sınıb, sol ayağı isə dizdən aşağı parçalanıb. Əsgər yoldaşı onu dartıb döyüş meydanından çıxarmaq istəyib, amma Telman vəziyyətin gərgin olduğunu görüb, qoymayıb. O da şəhid olmasın deyə, əsgər yoldaşına "get, şəhid olacaqsan yoxsa!" deyərək, qovub.

Döyüş yoldaşı ona qulaq asmayıb, kömək gətirməyə gedib. O da yaralandığı üçün hospitala aparıblar. Telmangil isə döyüş meydanında qalıblar. Atışma sakitləşəndən sonra şəhidlərin nəşini götürmək mümkün olub".

"Anası 85 gündən sonra Telmanın nəşi qarşısında qurban kəsdi".

G.Kəlbiyeva həyat yoldaşının doğulduğu rayonda torpağa tapşırıldığını deyir:

"Biz çox ümid edirdik ki, o sağ-salamat qayıdacaq. Amma qismət belə imiş. 85 gündən sonra Telmanın nəşini bizə gətirdilər. Ailəsinin son beşiyi, yeddi bacının bir oğlunu anası qurbanla qarşıladı. Anası Telmanın tabutu önündə qurban kəsib gəlişinə şükür etdi. İki övladımız Elcan və Səid hələ də atalarını axtarırlar. Telman Kəlbiyev Neftçalada Şəhidlər Xiyabanında dəfn olunub".

Şəhidimizin Vətənə əmanət iki oğul övladı qalıb.

Allah rəhmət eləsin!


Etiketlər:  gündən sonra nəşi gətirilən şəhidin həyat yoldaşı Anası oğlunun tabutu qarşısında qurban kəsdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ