Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq Muğam Mərkəzinin ''Qarabağın musiqi xəzinəsi'' layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzinin ''Qarabağın musiqi xəzinəsi'' layihəsi davam edir

Tarix: 6 Yanvar 2021 15:20

Beynəlxalq Muğam Mərkəzinin "Qarabağın musiqi xəzinəsi" layihəsinin növbəti sayı Məşədi Məmməd Fərzəliyevə həsr olunub. 

Sonxeber.net bildirir ki, Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub. Musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində almışdır. O, gənc yaşlarından Şuşanı tərk edib, bir müddət Gəncədə, sonralar isə Tbilisi, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşayıb, xanəndəlik edib. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınıb.

Məşədi Məmməd "Şüştər" muğamının ustası kimi daha məşhur olub. 1923-cü ildə Məşədi Cəmil Əmirov tərəfindən Gəncə şəhərinə dəvət edilən xanəndə şəhər musiqi məktəbində muğamatdan dərs deməyə başlayır. 1929-cu ildə Məşədi Məmməd Fərzəliyev yenidən xaricə qastrol səfərinə çıxmış, bir daha Azərbaycana qayıtmamışdır. Məşədi Məmməd Fərzəliyev uzun illər Türkiyənin İstanbul şəhərində yaşayıb və 1962-ci ildə dünyasını dəyişib.

BMM "Unudulmayanlar" layihəsi çərçivəsində xanəndənin Türkiyənin İstanbul şəhərində vəfatından sonra bu günə qədər onun məzarının məlum olmaması səbəbindən məzarının və arxivinin axtarışını zəruri hesab edərək axtarışlara başlayıb. Axtarışlar nəticəsində məlum olub ki, xanəndə Türkiyədə Məşədi Məhəmməd Fərzəliyev deyil, Mehmet Ferzalı adı ilə  "Azəri muzik heyəti"nin rəhbəri kimi fəaliyyət göstərib. Axtarışları nəticəsində həmçinin xanəndənin ifasında 3 lent yazısı aşkarlanıb. Hazırda axtarışlar davam etdirilməkdədir.


Etiketlər:  Beynəlxalq Muğam Mərkəzinin Qarabağın musiqi xəzinəsi layihəsi davam edir


RƏYLƏR