Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaralı halda yoldaşlarını döyüş meydanından çıxarıb özü şəhid oldu - VİDEO

Yaralı halda yoldaşlarını döyüş meydanından çıxarıb özü şəhid oldu - VİDEO

Tarix: 8 Yanvar 2021 22:32

Vətən Müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı İlham Rəşidov Murovdağ silsiləsindəki yüksəkliklərin düşməndən azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb.

Sonxeber.net APA TV-yə istinadla xəbər verir ki, İlham Rəşidov 1983-cü ildə Türkmənistanın Marı vilayətində doğulub. Sonradan ailəsi ilə Azərbaycana qayıdan İlham orta təhsilini Xudat şəhərində alıb.

2001-ci ildə hərbi xidməti başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin xüsusi kursunu uğurla bitirərək kəşfiyyatçı kimi fəaliyyətə başlayıb. İyirmi ilə yaxındır Vətənə xidmət edən baş gizir xarici ölkələrdə təlimlərə cəlb olunub. Dörd dildə danışmağı bacaran İlham 2016-cı ilin Aprel döyüşlərində də fəal iştirak edib. Xidməti ərzində göstərdiyi nailiyyətlərə görə medallar və fəxri fərmanlarla təltif olunub.

Vətən Müharibəsi başlayan gündən xüsusi əhəmiyyətli tapşırıqların icrasına cəlb olunan İlham Rəşidov Murovdağ silsiləsindəki Camışdağ zirvəsi, Sərsəng su anbarı istiqamətindəki vacib yüksəkliklərin düşməndən azad olunmasında fəal iştirak edib.

Qardaşı Tərlan Rəşidovun sözlərinə görə, döyüşlərin birində İlham yaralı yoldaşlarını atəş altından çıxararkən minaatan mərmisi yaxınlığında partlayıb. Ağır xəsarətlər alsa da, İlham döyüş tapşırığını axıradək yerinə yetirərək, yaralı döyüş yoldaşlarını kömək üçün gələn avtomobilə çatdırıb. Amma təəssüf ki, İlhamın özünün yaraları çox ağır olduğundan avtomobil dağlıq ərazidə, çətin şəraitdə ən yaxın tibb məntəqəsinə çatanadək şəhid olub: "Şəhid olmamışdan bir həftə əvvəl görüşdük. Ağır əməliyyata gedəcəyini bildirib ailəsini mənə tapşırdı. Dedi ki, "dövlətimizin dəstəyindən arxayınam, amma sən də bir qardaş kimi ailəmin yanında olmalısan. Ola bilər, qayıtmayım". Sonra cəbhədən votsapla mənə səs atdı. Deyirdi ki, "çoxdan gözlədiyimiz gün gəlib çatdı. Bir azdan telefonumu söndürüb təhvil verəcəyəm". Əməliyyatların çoxu məxfi olduğundan, bizə heç nə demirdi. Aprel döyüşlərində olduğunu da sonradan öyrənmişdik. Bu döyüşlərdə də qəhrəmanlıqla döyüşüb. Döyüş yoldaşını ərazidən çıxararkən ayağından və qabırğasından mərmi yaraları alıb. Buna baxmayaraq, oradan çıxmağı bacarıblar. Amma hospitala çatanadək şəhidlik zirvəsinə ucalıb. Mən qardaşımla fəxr edirəm".

Həyat yoldaşı Samirə Rəşidova İlhamın ən çətin döyüş əməliyyatlarda iştirak etdiyini bildirib: "Həyat yoldaşı, ata kimi çox yaxşı insan idi. Düzdür, həyatımda böyük itki oldu. İlham şəhidlik zirvəsinə ucaldı. Fəxr edirəm onunla. Həmişə də fəxr edəcəyəm. Aprel döyüşlərində də iştirak etmişdi. Vətən Müharibəsindən əvvəl evə gəldi, mənimlə, uşaqları ilə görüşüb getdi. Son mesajında yazdı ki, "təlimə gedirəm, uşaqlardan və özündən muğayat ol". Onun üçün ailəsi, balaları ən böyük dəyər idi. Mən Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm ki, müharibəni sonadək davam etdirdi. Şəhidlərimizin qisası alındı, qələbə qazandıq".

Döyüşçü İlham Rəşidovun 10 yaşında Dərya və 8 yaşında İlhan adında övladları yadigar qalıb.

Qeyd edək ki, baş gizir İlham Tahir oğlu Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.


Etiketlər:  Yaralı halda yoldaşlarını döyüş meydanından çıxarıb özü şəhid oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ