Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağdan sonra “Bayraktar” Somaliyə gedib çıxdı

Qarabağdan sonra “Bayraktar” Somaliyə gedib çıxdı

Tarix: 9 Yanvar 2021 15:50

"Bayraktar TB2" döyüş pilotsuz uçan aparatının 44 günlük Qarabağ müharibəsindəki tətbiqi və Azərbaycan ordusunun qələbəsindəki rolu onlara tələbatı sürətlə artırıb. Xəbər verildiyi kimi, ikinci Qarabağ müharibəsinin ardınca bir sıra keçmiş sovet və Şərqi Avropa ölkələri, hətta Böyük Britaniya Türkiyədən "Bayraktar TB2" sifariş veriblər. Habelə ABŞ və Rusiya da daxil olmaqla bir çox ölkələr Qarabağ müharibəsində pilotsuz uçan aparatların tətbiqi təcrübəsindən çıxış edərək silahlanma və müharibə strategiyalarına yenidən baxmaq üçün müzakirələr aparırlar.

"Bayraktar"lara tələbatın kəskin artması ilə barəbər bu PUA-ların dünyada şöhrəti də yüksəlib.

Sonxeber.net Virtualaz.org-a istinadən xəbər verir ki, Somalidə yük avtomobilinin sürücüsü Najeb Abdi avtomobilin arxasına iri hərflərlə "Bayraktar TB2" sözünü yazıb və PUA-nın rəsmini çəkib. Və avtomobilin fotosunu sosial şəbəkələrdə paylaşıb.

Somalili gəncin paylaşımına "Bayraktar"ları istehsal edən "Baykar" şirkətinin texniki direktoru, Türkiyə döyüş PUA-larının atası hesab edilən Selcuk Bayraktar cavab verib. "Əgər bunu oxuya bilirsənsə mənə çox yaxınsan",-S.Bayraktar somalili yük maşını sürücüsünə xitabən yazıb.

Çox keçməyib ki, həmin somalili  gənc S.Bayraktara türk dilində cavab verib: "Təşəkkür edirik, Selcuk Bayraktar. Sizi özümüzü çox yaxın hiss edirik, sizinlə birlikdə vaxt keçirə  bilmək bizə böyük şərəf verər. Türklər və somalililərin sonsuza qədər qardaş olaraq qalması üçün bütün fədakarlıqlara hazırıq, yaşasın qardaşlıq".

Selcuk Bayraktarla somalili yük maşını sürücüsü arasında yazışma sosial şəbəkələrdə geniş marağa və dəstəyə səbəb olub.

Xatırladaq ki, bu günlərdə Selcuk Bayraktar elmi konfranslardan birində "Bayraktar TB2" döyüş pilotsuz aparatlarının Qarabağda Azərbaycanın əldə etdiyi qələbədəki rolu haqda  suala cavab verib. Bildirib ki, qələbəni qazanan Azərbaycan əsgəridir, ordusudur, "Bayraktar" isə ancaq texniki vasitədir, texnologiyadır. Və bu texnologiyanın Qarabağın azad edilməsində rol oynaması onu qürurlandırır.


Etiketlər:  Qarabağdan sonra Bayraktar Somaliyə gedib çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ