Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 19:40
Bakı. Trend:
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 13-də İçərişəhərlə tanış olub.
Trend xəbər verir ki, nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.
Orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar saray kompleksi ilə başlanan tanışlıq zamanı nümayəndə heyətinin üzvlərinə məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Sonra qonaqlar 1895-ci ildə inşa olunan yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Bəylər məscidi ilə tanış olublar. Bildirilib ki, bu sənət incisi Bakının məşhur bəylərinin sifarişi ilə tikildiyi üçün bu adı qazanıb. İçərişəhər ərazisində tikilən sonuncu məscid zalın böyüklüyü və tikinti quruluşuna görə digər dini abidələrdən fərqlənir. Məscidin inşasında Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsipləri birləşdirilmişdir.
Gəzinti zamanı qonaqlar Bakı Xan Sarayı Kompleksinin ərazisində salınmış və yeni istifadəyə verilmiş parkda olublar. 2016-cı ildə Qoşa Qala qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən XVII əsrə aid Yeraltı hamama baxıblar. Həmçinin İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanış olublar.
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim edilib.
İçərişəhərlə tanışlıq ICESCO-nun nümayəndə heyətində zəngin təəssürat yaradıb.