Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suqovuşanın alınmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Kərim Əhmədəliyev - FOTO

Suqovuşanın alınmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Kərim Əhmədəliyev - FOTO

Tarix: 13 Yanvar 2021 21:22

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Ordusu yeni tarix yazdı. 30 ilə yaxın bir dövrdə davam edən erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimiz xalqımıza qələbə sevinci yaşatdı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Əhmədəliyev Kərim Rövşən oğludur. O, oktyabrın 4-də Suqovşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

1998-ci il iyunun 12-də Sumqayıtda dünyaya göz açan Kərim şəhər 5 saylı tam orta məktəbdə oxuyub. Azərbaycan Texnologiya Universitetini bitirdikdən sonra magistratura pilləsində təhsilini davam etdirmək istəsə də, Vətən eşqi onun hərbi xidmətə yollanmaq həvəsini artırıb.

Hərbi xidmətini Goranboydan sonra Ağdamda davam etdirib. Düşmən təxribatları başlayan ilk günlərdən etibarən heç bir tərəddüd etmədən ən çətin əməliyyatlara qatılıb. Qaynar döyüşlərin getdiyi kəndlərin və strateji yüksəkliklərin azad edilməsi istiqamətində şücaətlə vuruşub. Hücum əməliyyatında mövqeyinin əlverişsiz olmasına baxmayaraq döyüşlərə davam edib və qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Qarabağda Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz kimi Kərimin də ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.

Kərimin anası Tamella Əhmədəliyevanın indi tək istəyi oğlunun döyüş yoldaşlarının, onunla bir hərbi xidmətdə olan dostlarının onunla tez-tez əlaqə saxlamalarıdır. Onlardan eşitmək istədiyi kəlmələr, paylaşacaqları söhbətlər ananın yarasına az da olsa məlhəm olacaq. Çünki müharibə başladıqdan sonra oğlu ilə tez-tez telefon danışıqları olmayıb, danışanda da Kərim çox qısa danışarmış. Ana ilə oğlu arasındakı son telefon danışığı isə oktyabrın 2-də olub. Yenə də çox qısa. "Hər şey çox yaxşıdır" - deyən Kərim iki gün sonra şəhidlik zirvəsinə ucalıb.

Kərimin məktəb və tələbəlik illərindən dostluq etdiyi tanışları da çoxdur. Dostları Kərimin yaxşı sirdaş, sədaqətli dost olduğunu deyirlər.

Kərim Əhmədəliyev Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Suqovuşanın alınmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Kərim Əhmədəliyev FOTO


RƏYLƏR