Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 15:52
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması ilə bağlı çağırışına müvafiq olaraq, bu istiqamətdə beynəlxalq maliyyə qurumları ilə texniki dəstək çərçivəsində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi ilə koordinasiya görüşü keçirilib.
Energetika Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, BMT-nin İnkişaf Proqramı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları və qurumların nümayəndələri iştirak ediblər.
Energetika nazirinin müavini Elnur Soltanov və aparat rəhbəri Zaur Məmmədov tərəfindən tədbir iştirakçılarına müvafiq sahədə görülmüş işlər və nəzərdə tutulan planlar haqqında məlumat verilib. Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji potensialına dair məlumatları özündə ehtiva edən təqdimat nümayiş etdirilib.
Daha sonra beynəlxalq qurumların məsələ ilə bağlı fikirləri dinlənilib, suallar cavablandırılıb. Yaşıl enerji zonasının yaradılması ilə bağlı çağırış beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilib və bu sahədə əməkdaşlığa maraq ifadə edilib. İlkin addım olaraq məsləhətçi şirkət cəlb edilməsi üçün texniki tapşırıq layihəsinin hazırlanması üzrə birgə əməkdaşlıq məsələsi nəzərdən keçirilib.
Görüşdə həmçinin, gələcəkdə bərpa olunan enerji hərraclarının işğaldan azad edilmiş ərazilərdə təşkil edilməsi və bu sahəyə özəl investisiyaların cəlbi imkanları müzakirə edilib.