Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 17:20
Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib. İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin Azərbaycanın Qars şəhərindəki baş konsulluğu ilə birgə təşkil etdiyi mərasimdə yerli hakimiyyət orqanlarının, siyasi partiya şöbələrinin və İğdır ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, tədbir Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasim "Qarda açan qərənfillər" adlı filmin nümayiş olunması ilə davam edib.
Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, Ədalət və İnkişaf Partiyasının (AKP) İğdır şöbəsinin sədri Ali Kamal Ayaz çıxış ediblər.
Natiqlər 20 Yanvar faciəsinin tarixi barədə məlumat verib. Qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyinin tapşırığı ilə Bakıda törədilən faciəyə ümummilli lider Heydər Əliyev sərt etiraz səsini ucaldıb, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bütün dünyanın diqqətini Bakıda baş verən qanlı hadisələrə cəlb edib. Xalqımıza qarşı törədilən ağır cinayətlər pislənilib və bildirilib ki, bu faciə Azərbaycan xalqının qəhrəmanlığını, insanların öz Vətəni uğrunda canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib.