Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 12:39
Rusiya XİN rəhbəri Sergey Lavrov ilk dəfə deyil ki, Qarabağ problemi ilə bağlı məntiqdən kənar ideyalar səsləndirir.
Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, belə bir şəraitdə Rusiya sülhməramlılarına beynəlxalq statusun verilməsi Azərbaycanın maraqlarına uyğun deyil:
"Son dəfə onun Rusiya sülhməramlılarının statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını deyən Lavrov, əvvəllər də ermənilərin Qarabağda statusuna dair gələcəkdə hansısa fəaliyyətlərin həyata keçiriləcəyini vəd edirdi. Lavrovun səsləndirdiyi fikirlər qətiyyən Azərbaycanın maraqlarına cavab vermir və buna görə də Azərbaycan Lavrovun şəxsi düşüncələri ilə ermənilərin marağından verilmiş olan bəyanatların həyata keçməsinə imkan verməyəcək. Çünki Qarabağ Azərbaycan ərazisidir, bura aid qərarların verilməsi hüququnun nə Rusiyaya, nə də Lavrova aidiyyəti yoxdur.
Beynəlxalq qurumlar tərəfindən Rusiyanın sülhməramlılarına hansısa beynəlxalq statusun verilməsi Azərbaycanın maraqlarına ziddir. Ona görə ki, həmin beynəlxalq qurumlar 30 il ərzində Azərbaycanın haqlı olduğunu qəbul etsələr də həmin ərazilərin Azərbaycana qaytarılması istiqamətində müsbət bir addım atmadılar, real fəaliyyətlər həyata keçirmədilər. İndi təzədən həmin qurumların Azərbaycanın suveren ərazilərində kiməsə beynəlxalq status vermək, sonra həmin statusun ləğv olunması üçün qərarın qəbul etməsini on illərlə gözləmək Azərbaycan tərəfini qane edə biləcək prosedur deyil.
Belə addımların atılması üçün real şərait də yetişməyib. Biz ora rus sülhməramlılarını buraxmışıq. Onlar 5 illik müddətinə oradadırlar. Bu müddət bitənə qədər də hər iki tərəf arasında barışıq təmin olunması mümkündür, bundan sonra isə sülhməramlıların bölgədən çıxarılması üçün qərar qəbul ediləcəyi gözlənilir. Bundan sonra sülhməramlılara ehtiyac qalmayacaq. Nəyə görə biz bu proseslərə hansısa beynəlxalq status məsələsini qarışdırmalıyıq?! Halbuki bu işlə məşğul olan və buna nəzarət edən Türkiyə-Rusiya birgə mərkəzinin yaradılması haqqında qərar da artıq mövcuddur. Belə bir şəraitdə Rusiya sülhməramlılarına beynəlxalq statusun verilməsinə rəsmi Bakının isti yanaşması real görünmür, çünki bu, Azərbaycanın maraqlarına uyğun məsələ deyil".
Təhməz Əsədov