Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Huawei” qabaqcıl smartfonlar biznesini satmaq niyyətindədir

“Huawei” qabaqcıl smartfonlar biznesini satmaq niyyətindədir

Tarix: 26 Yanvar 2021 14:39

Çinin “Huawei” şirkəti qabaqcıl smartfonların istehsalı üzrə biznesi satmağı planlaşdırır. Bu barədə “Reuters” agentliyinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, agentlik şirkətin biznesin bir hissəsini satmaq barədə danışıqlar aparması haqda məlumatı mənbələrə istinadən yayıb. Məlumata görə, “Huawei” Şanxay hökumətinə yaxın investisiya şirkətlərinin daxil olduğu konsorsiumla razılığa gəlməyə çalışır. Danışıqların bir neçə aydır davam etdiyi qeyd olunur. “Huawei” analitikləri qabaqcıl smartfonların istehsalı üzrə biznesin mümkün satışını 2020-ci ilin sentyabrında öyrənməyə başlayıblar.

 

Bildirilir ki, danışıqlar uğurla başa çatacağı təqdirdə Çin şirkəti “Mate” və “P” seriyalı qabaqcıl smartfonların istehsalı üzrə biznesi sataraq diqqəti ucuz smartfonların buraxılışına yönəldəcək. “IDC” konsaltinq şirkətinin məlumatına görə, 2019-2020-ci illərin üçüncü rübündə “Mate” və “P” seriyalı smartfonların tədarük həcmi 39,7 milyon ədəd təşkil edib.

 

Jurnalistlərin məsələyə münasibət bildirmək üçün müraciət etdikləri “Huawei” nümayəndələri biznesin satılması ilə bağlı danışıqların aparılması faktını təkzib ediblər. “Bu şayiələr həqiqətə uyğun deyil. “Huawei” şirkətinin belə planı yoxdur”, – deyə onlar bildiriblər. Şanxay hökumətinin nümayəndələri isə məsələdən məlumatsız olduqlarını əsas gətirərək münasibət bildirməkdən imtina ediblər.

 

Blogerlərin məlumatına görə, “Huawei” biznesin satılması üzrə planlardan qabaqcıl smartfonlar üçün prosessorların tədarükü ilə bağlı məsələ həll olunacağı təqdirdə imtina edə bilər. Jurnalistlərin fikrincə, biznesin satılması ilə bağlı şayiələrin yayılması sübut edir ki, Çin şirkəti yeni ABŞ Prezidenti Cozef Bayden Administrasiyası tərəfindən “Huawei”ə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılacağına inamını itirib.

 

Nizam Nuriyev




Etiketlər:  Huawei qabaqcıl smartfonlar biznesini satmaq niyyətindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ