Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 23:52
ABŞ-ın "Information Technology and Innovation Foundation" analitik mərkəzinin mütəxəssisləri süni intellekt mövzusunda tədqiqat aparıblar. Nəticələrə görə, ABŞ süni intellektin hazırlanması və istifadəsi sahələrində aparıcı ölkə olduğu halda Çin bu fərqi sürətlə azaldır, Avropa İttifaqı (Aİ) isə geri qalır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatda əsas diqqət süni intellektin altı kateqoriyası üzrə 30 göstəriciyə yönəldilib: istedad, tədqiqat, işləmələr, tətbiq, məlumatlar və avadanlıq. ABŞ yüz ballıq şkala əsasında 44,2 bal toplayıb, Çin 32,3 balla ikinci, Avropa İttifaqı isə 23,5 balla üçüncü yeri tutub.
Məlum olub ki, ABŞ startaplara investisiyalar və tədqiqat və işləmələrin maliyyələşdirilməsi kimi əsas sahələrdə liderdir. Öz növbəsində Çin bir neçə sahədə uğur qazanıb və digər ölkələrlə müqayisədə məhsuldarlığa görə dünyanın 500 ən güclü superkompüteri sırasına daxil olan daha çox superkompüter sayına malikdir. Çində bu göstərici 214, ABŞ-da 113, Aİ-də 91 təşkil edir.
Ekspertlərin sözlərinə görə, Çinin süni intellekt imkanları Aİ və ABŞ-la müqayisədə bir neçə istiqamət üzrə yaxşılaşıb. Birincisi, Çin 2018-ci ildə süni intellekt üzrə 24 min 929 tədqiqat işi dərc edərək Avropa İttifaqını süni intellekt nəşrləri üzrə dünya lideri kimi üstələyib. Aİ-də bu göstərici 20 min 418, ABŞ-da 16 min 233 təşkil edir. İkincisi, süni intellekt sahəsində tədqiqatların keyfiyyəti ümumilikdə ildən-ilə artır. Üçüncüsü, proqram təminatı və kompüter xidmətləri təqdim edən şirkətlər elmi tədqiqat və təcrübi-konstruktor işləri üçün xərcləri artırıb.