Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağstafanın sabiq icra başçısı və müavininin məhkəməsi başladı

Ağstafanın sabiq icra başçısı və müavininin məhkəməsi başladı

Tarix: 29 Yanvar 2021 14:39

Bakı. Samir Əli - Trend:

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İş üzə məhkəmənin baxış iclası fevralın 12-ə təyin edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham ittiham irəli sürülüb.


Etiketlər:  Ağstafanın sabiq icra başçısı müavininin məhkəməsi başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ