Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 10:02
1 ildən çoxdur dünyanın mübarizə aparmaqda çətinlik çəkdiyi COVİD təhlükəsi hər ötən gün daha da artır. Baxmayaraq ki, artıq dünyanın bir çox ölkəsində olduğu kimi bizdə də artıq vaksinasiya prosesinə start verilib. Risk qrupuna daxil olan insanlara vaksinin birinci dozasının vurulmasına başlanılmasına baxmayaraq yoluxmanın yenidən artma təhlükəsinin sovuşduğunu demək çox tezdir.
Səbəb...
Azərbaycanda bu aylar ərzində insanların gözəgörünməz düşməndən qorunması üçün müxtəlif tədbirlər, maarifləndirmə işləri aparılsa da vətəndaş məsuliyyətsizliyi yoluxma sayında önəmli paya sahibdir. İnsanların məsuliyyətsizliyi bir il ərzində dəfələrlə mutasiyaya uğrayaraq yeni ştammları ortaya çıxan virus qədər təhlükəlidir. Bu məsuliyyətsizlik yalnız dünyada qəbul edilən qaydalara riayət etməklə yekunlaşmır, əksinə daha da "irəli" gedir.
Ölkəmizdə COVİD-in sürətlə yayıldığı bu müddət ərzində vətəndaşlardan cinayət bərabərində olan məsuliyyətsiz davranışları hər birimizin qohumunda, qonşusunda, tanışında yaxınlarımızın ölümü, həftələrlə reanimasiyanın soyuq divarları arasında ölüm-qalım savaşı verməsi ilə nəticələndi.
Belə ki, paytaxtda, eləcə də digər şəhər və rayonlarda testi pozitiv çıxan bəzi şəxslərin gizli şəkildə izolyasiya qaydalarını pozaraq ictimai yerlərdə aşkar edilməsi faktlarına tez-tez rast gəlindi. Buna misal kimi ötən il daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə 689, o cümlədən COVID-19 diaqnozlu şəxslərin evdən çıxması ilə bağlı 674 cinayət işi başlanması faktını diqqətə çatdırmaq kifayət edir. Koronavirus xəstələrinin bu cür məsuliyyətsiz davranışı azalmaqda olan yoluxma sayını yenidən alovlandıra bilər ki, bu da nəticədə karantin rejiminin yenidən sərtləşdirilməsi ilə nəticələnə bilər. Və nəticə etibarilə 2021-ci ili də məhdudiyyətlərlə, bu virusdan daha neçə-neçə yaxınımızın, tanışımızın əzabını, ölümünü izləyərək yaşamaq məcburiyyətində qalacağıq. Ciddi problemlərə yol aça biləcək məsuliyyətsiz COVİD xəstələrinə nəzarət məsələsi günümüzün ən aktual problemindən birinə çevrilib.
30 illik düşmənimizə xalqımızın səfərbər olması hesabına 44 günə qalib gəlməyi bacardıq. Amma təəssüf ki, COVİD-lə mübarizədə bunu deyə bilmərik. Bu gün COVİD olduğunu bilə-bilə məsuliyyətsiz davranaraq ictimai nəqliyyatdan istifadə edən, iaşə obyektlərinə, marketlərə üz tutan şəxs bilməlidir ki, onun bu addımı xalqına qəsddən başqa bir şey deyil.
Xəstəliklə bağlı bu aylar ərzində xeyli maarifləndirmə işləri aparıldı. Artıq hər kəs bilir ki, xroniki xəstəliyi olanlar, hamilə qadınlar üçün COVİD düşməndir. Anlamalıyıq ki, cinayət məsuliyyəti daşıyan bu cür addımlardan çəkinməklə kiminsə əzizini, doğmasını ölüm riskindən xilas etmiş ola bilərik. Bu səbəbdən özündə xəstəliyin simptomlarını hiss edən hər kəs izolyasiya qaydalarına əməl edərək, ailə üzvlərindən tutmuş digərlərinin də həyatını təhlükədən qorumuş olacaq.
Təhməz Əsədov