Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 15:21
Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2020/2021-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin qış imtahan sessiyası sona çatıb. Dörd həftə davam edən sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun surətdə, “Microsoft Teams” platforması üzərindən onlayn, əsasən, şifahi, ehtiyac olduğu təqdirdə isə yazılı formada həyata keçirilib.
Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində olduğu kimi Aİİ-də də cari ilin payız semestri distant formada, Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən təşkil edilib.
Tələbələrin imtahanlarda daha fəal iştirak etmələri üçün Elmi Şuranın qərarına əsasən bir sıra güzəşt tətbiq olunub. Belə ki, cari ilin payız semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi zamanı onlayn dərslərdə iştirak edən tələbə və magistrantlar tədris prosesində əldə etdikləri nəticələr əsasında qiymətləndiriliblər. Dərsə davamiyyətindən asılı olmayaraq, bütün tələbələr imtahanlara buraxılıblar. İmtahanlara giriş üçün tələbələrə ən azı, 20 bal müəyyənləşdirilib.
Qeyri-ixtisas fənləri (“Mülki müdafiə”, “İnformatika və kompüter texnologiyası” və “Multikulturalizmə giriş”) üzrə imtahanlar ləğv olunub. Həmin fənlər üzrə tələbələrin qiymətləndirilmələri təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında hesablanıb.
İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apelyasiya Komissiyası yaradılıb.
İmtahan sessiyasının gedişatı dekanlıq, tədris şöbəsi və aidiyyəti kafedralar tərəfindən “Microsoft Teams” platforması üzərindən izlənilib.
Qeyd edək ki, imtahan sessiyası müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) əsasən təhsilalanlara tələbə təqaüdü ilə yanaşı, Aİİ-də təsis olunmuş Heydər Əliyev adına təqaüd, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsis edilmiş Şeyxülislam adına və Vasim Məmmədəliyev adına təqaüd veriləcək.