Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 16:58
Azərbaycan Respublikası Tarif Şurasının qərarına əsasən 01 fevral 2021-ci il tarixindən içməli su və tullantı su xidmətlərindən istifadəyə görə hesabatlar yeni tariflərlə aparılır. Yeni tariflərin tətbiq olunması mexaniki sayğacların oxunması və hesablamaların aparılması məsələsini də gündəmə gətirib.
Abonentlərin diqqətinə çatdırılır ki, mexaniki su sayğaclarında sərfiyyatın müəyyən olunması üçün "Azərsu" ASC tərəfindən xüsusi proqram təminatı hazırlanıb. Həmin proqram vasitəsilə sayğacların əvvəlki və son oxunmanın göstəriciləri əsasında orta günlük su sərfiyyatı hesablanır. Buna müvafiq olaraq əvvəlki və yeni tariflərin qüvvədə olduğu günlərin sayına uyğun hesablamalar aparılır. Bütün hesablamalar xüsusi proqram təminatı ilə, heç bir insan amili olmadan həyata keçirilir.
Bununla belə bəzi hallarda vətəndaşlar tərəfindən sayğacların yerində oxunması və dəqiq göstəricilərin əldə edilməsi ilə bağlı müraciətlər daxil olur. Xüsusilə mənzillərin daxilində və həyət evlərində quraşdırılmış mexaniki sayğacların oxunmasında müəyyən çətinliklər yaranır. Abonentlərdən mənzillərdə və həyət evlərində quraşdırılmış mexaniki sayğacların oxunmasını təmin etmək üçün şərait yaratmaları xahiş olunur.
Abonentlərin diqqətinə çatdırılır ki, sayğacların oxunması sosial izolyasiya tədbirlərinin tələblərinə (tibbi maska taxmaq, sosial məsafə gözlənilməklə) əməl etməklə həyata keçiriləcək.
Abonentlər sayğacın faktiki göstəricilərini özləri də təqdim edə bilərlər. Bunun üçün "Azərsu" ASC tərəfindən alternativ imkanlar da yaradılıb. Belə ki, abonentlər Elektron Su Portalı (e-su.az), azersu.az saytının elektron xidmətlər bölməsindən "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" xidmətini seçməklə, həmçinin Facebook və Teleqram sosial şəbəkələrindən istifadə etməklə sayğac göstəricilərini təqdim edə bilərlər.