Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2019 10:48
Bakı. Elçin Mehdiyev – Trend:
22 iyul - Milli Mətbuat Günü münasibətilə bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, həmçinin nüfuzlu media qurumlarının rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Trend-in məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Sonra “Əkinçi” qəzetinin təsisçisi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.
Həsən bəy Zərdabinin məzarı önündə çıxış edən Mətbuat Şurasının (MŞ) sədri Ə.Amaşov bildirib ki, H.Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin ilk sayı 144 il bundan əvvəl işıq üzü görüb: “Onun saldığı işıq xalqımıza düzgün yol göstərdi. "Əkinçi" qəzeti Azərbaycan xalqının milli şüurunun oyanmasında, milli məfkurəsinin formalaşmasında önəmli rol oynayıb. "Əkinçi" və ondan sonra işıq üzü görən mətbuat vasitələrimiz Azərbaycan xalqının müstəqil yaşama ideyasını bir daha xalqa çatdırdı”.
MŞ sədri vurğulayıb ki, hər bir xalqın inkişafında onun milli mətbuatının rolu böyükdür: “Əgər bir xalq vaxtında öz mətbuatını yaradıbsa, o xalq artıq başqa xalqlar arasında öz yerini tuta bilir”.
Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan mediası müstəqil, peşəkar mediadır: "Regionda iqtisadi baxımdan ən güclü medialardan biri olan Azərbaycan mediası ölkədə baş verən olayları operativ, obyektiv şəkildə həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır".
Ə.Amaşov deyib ki, bu gün Azərbaycan mediası eyni zamanda milli mediadır, cəmiyyətdə baş verən hadisələri hərtərəfli işıqlandırmağı bacarır: "Azərbaycan mediası hadisələrə vahid mövqedən baxan mediadır. Mediamız ən aktiv demokratik institutlardan biridir".
O əlavə edib ki, Azərbaycan mətbuatının inkişafında Azərbaycan dövlətinin dəstəyi də böyük rol oynayıb: "Bu gün Azərbaycan dövləti də medianın arxasında dayanır. Jurnalistika həmişə Azərbaycan rəhbərliyinin dəstəyini görür. Mətbuat da Azərbaycanın inkişafı üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir".
Ə.Amaşov bugünkü tədbirin vacibliyini qeyd edərək bildirib ki, xalqımızın inkişafında mühüm rolu olan şəxsiyyətlərin anılması çox önəmlidir: “2000-ci ildən ulu öndər Heydər Əliyevin sərəncamı ilə 22 iyul Milli Mətbuat Günü kimi qeyd edilir. Biz bu cür tədbirlər keçirməklə ulu öndərin tövsiyələrinə də əməl etmiş oluruq”.
Daha sonra çıxış edən KİVDF-nin icraçı direktoru V.Səfərli isə bildirib ki, 144 il əvvəl Həsən bəy Zərdabi "Əkinçi" qəzetini yaratmaqla Azərbaycan mətbuat tarixinin bünövrəsin qoyub.
O qeyd edib ki, mətbuat deyəndə Həsən bəy Zərdabi, Zərdabi deyəndə "Əkinçi" qəzeti yada düşür:
"O dövr üçün qısa bir müddətdə "Əkinçi" qəzetinin çıxması insanların maarifləndirilməsində böyük rol oynadı. Bu gün biz elə bir dövrə gəlib çatmışıq ki, Həsən bəy Zərdabi ideyalarının hamısı, demək olar, yerinə yetib.
Bu gün 5 mindən çox KİV qeydiyyatdan keçib. Bu gün Azərbaycanda azad söz, müstəqil mətbuat var. Həsən bəyin istədiyi də o idi ki, Azərbaycan xalqının müstəqil dövləti olsun, qəzetləri olsun, insanlar maariflənsinlər. Bu gün bizim müstəqil dövlətimiz, mediamız var. Böyük mütəfəkkirin bu arzusu artıq reallığa çevrilib, ölkəmizdə medianın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm işlər görülüb, dövlət mətbuata hərtərəfli diqqət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin