Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 15:45
Həyatımda zinət geyinməyin üstündən xətt çəkmişəm. Gözlərdə həsrət görməmək üçün. Bir də kimə nə sübut edim? Kimə acıq verim? Məndə var, səndə yox? İki qadın küsəndə barmağına üzük taxır, göstərir.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Flora Kərimova "ATV maqazin onlarla" proqramının "33 sual" rubrikasında deyib. Müğənni avtomobil idarə etməsindən və keçirdiyi infarktlardan danışıb:
"Xuliqanlıq etmişəm. Zümrüd (qızı - red.) 6-7 aylıq idi, otururdum sükan arxasında 140-la sürürdüm. Amma heç vaxt mənə sataşmadılar, hörmətlə qarşılayırdılar. Maşını burdan vururdum, oradan yoldaşım alırdı. Mikroinfarkt keçirdim, səhnədə gördüm aşıram. Bir dəfə də yuxudan oyandım ki, görmürəm. Ondan sonra avtomobil idarə etmədim".
Kərimova vəsiyyətindən bəhs edib:
"Yaqut yanımda yatırdı, onu başqa otağa köçürdüm ki, birdən səhər durub nəfəsimi eşitməz qorxar. Gördün ki, nəfəsimi duymursan, qapını bağla, oğluma, qızıma zəng et. Onlar gələnə qədər məni tərpətmə. Hər gün sonumu düşünmüşəm, ona hazıram.
Vəsiyyət etmişəm ki, mənim bu dünyadan köçdüyüm anı, həyatda olmadığımı heç kim bilməsin. Camaat gələcək, övladlarım insanları necə yola salacaq? Başlarını itirərlər. İstəmirəm şəklim orada olsun, insanlar baxıb bunları desin: yazıq, necə olub. O, "olub" kəlməsini istəmirəm. Həmin göz yaşlarından üşüyərəm".
Müğənni qızı haqda "Xoşbəxt anayam, amma qadın ola bilmədim. İtkilərim oldu, qızım tək qaldı. Onunla harasa gedəndə boynubükük qalırdı. Qızıma mənə görə çox zərbələr dəydi. Hətta onun diplomuna da təsir edib. Gedib imtahana, müəllimlər mənim qeybətimi qırıb, o da qələmi qoyub çıxıb" sözlərini əlavə edib.