Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2021 14:00
"Hakimiyyətdə olduğu 17 il ərzində qətiyyət, siyasi iradə, prinsipiallıq nümayiş etdirən cənab Prezident İlham Əliyev hər dəfə heç gizlətmədən öz çıxışlarında qeyd edir ki, bütün bu illər ərzində biz müharibəyə hazırlaşırdıq. Çünki Azərbaycan torpaqları işğal altında idi və son illər ərzində getdikcə daha da aydın görünürdü ki, işğalçının torpaqlarımızı qaytarmaq fikri yoxdur. Buna əsas verən amillər isə Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları idi. Üstəlik onlar beynəlxalq ictimaiyyəti də inandırmağa müvəffəq olmuşdular ki, bu müharibənin sülh yolu ilə həlli mümkün deyil".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova ötən gün Prezident İlham Əliyevin şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündəki çıxışını şərh edərkən deyib.
Politoloq bildirib ki, müharibədən sonra da dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir:
"Münaqişə ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksəkvəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Azərbaycan tərəfi isə getdikcə daha aydın görürdü ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Nə olur olsun Azərbaycan işğal ilə barışmadı və imkan vermədi ki, öz ərazisində ikinci qondarma erməni dövləti yaradılsın. Siyasi, iqtisadi sahədə sistemli siyasət yürüdən Azərbaycan Prezidenti bir yandan da istər beynəlxalq təşkilatlar çərçivəsində olsun, istərsə də beynəlxalq kürsülərdə usanmadan əməli işlər gördü.
Bu zaman kəsiyində də Vətəni hər şeydən çox sevən nəsil yetişdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olan gənclərin məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi Azərbaycanı Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşdi. Düzdür, bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhməti, payı var. Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Azərbaycan Ordusunda bir nəfər belə fərari olmadığı halda Ermənistan ordusunda özlərinin etirafına görə 10 mindən çox fərari olmuşdur.
Müharibə itkisiz olmur. Müharibədən sonra isə dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək".
Ş.Həsənova deyib ki, Ali Baş Komandan bu dəfə də əməli ilə xalqının ümidlərini doğrultdu:
"Cənab Prezidentin də qeyd etdiyi kimi heç kim bu torpaqları bizə elə-belə verməyib, biz əzəli torpalarımızı əhəmiyyətsiz danışıqlarla yox, döyüşə-döyüşə aldıq. Bizim şəhərlərimizi məhv edən quldurları, Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldən Sarkisyan-Köçəryan cütlüyünü Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz qəhrəmanlıq göstərərək, sıldırım qayalardan qalxaraq, yüngül silahlarla, bıçaqlarla toplara, tanklara qarşı vuruşaraq məhv etdi. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Nəhayət düşmən Müzəffər Ali Baş Komandan və onun Şanlı Ordusu qarşısında diz çökdü və kapitulyasiya aktına imza atdı.
Vətən müharibəsində Prezident İlham Əliyev sadəcə Paşinyanı və Ermənistanı diz çökdürmədi. Uzun illər Ermənistana rəhbərlik etmiş, Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törətmiş cəlladlara, cinayətkarlara - Köçəryana və Sarkisyana, onların himayədarlarına da dərs verdi, onların ordusunu məhv etdi. Robert Köçəryan, Serj Sarkisyan Azərbaycan dövlətinə, xalqına, günahsız dinc əhaliyə qarşı qətllər törətmiş hərbi cinayətkarlar, canilərdir.
Əsas şüarı "Qarabağ Azərbaycandır!" üzərində qurulan möhtərəm Prezident İlham Əliyev hər zaman qətiyyətlə bildirirdi ki, biz heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Beləliklə də, sözünün imzası qədər dəyəri olan şanlı Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı İlham Əliyev bu dəfə də əməli ilə xalqının ümidlərini doğrultdu və əzəli, dədə-baba torpaqlarımızı işğaldan azad etdi".
Təhməz Əsədov