Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 16:16
Dinşünas Elşad Miri Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Elşad müəllim, bəziləri dinə sadəcə sosial faktor kimi baxır. Sizcə, din insanı Allaha yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?
- Ərəb dilində "din" sözü "dəyn" sözündən gəlir, mənası "borc" deməkdir. Nəyin bocru? Məsələn, islam əmin-əmanlıq deməkdir. İslam dinində əmin-əmanlığı bərpa etmək, qorumaq, insanlara çatdırmaq hər kəsin borcudur. Təəssüf ki, din anlayışına fərqli yanaşanlar da olur. Onu kütləni idarə etmək üçün bir mexanizm kimi təsəvvür edənlər də var. Din anlayışını animizm, animatizm anlayışları ilə, yəni onun qorxudan meydana gəlməsi ilə əlaqələndirənlər də az deyil.
Halbuku din, inam anlayışı insanın özünün genində olan yanaşmadır. Özünü dinsiz sayanlar belə dindardırlar. Çünki onlar da dinsizliyə inanırlar. İnanmaq kəlməsi ərəb dilindəki "iman" sözü ilə əlaqələndirilir, iman sözü onun təsdiqidir. İnsan nəyi təsdiq edər, nəyə güvənər? Quranda yazılmayıb ki, mütləq və mütləq iman gətirin. Bizə gələn anlayış odur ki, bil... İkinci anlayış odur ki, oxu. Yəni insanın bilmədən, oxumadan inandığının bir əsası olmaz.
İnsanlar bir-birinin necə əvvəllər "ura" deyərək kommunist olurdularsa, eynilə "Allahu Əkbər", "La ilaha illallah" deyib dindar olmaq istəyənlər də tapılır. Amma siz bunun mahiyyətini bilməsəniz, dərk etməsəniz, nədən bəhs edildiyinin fərqinə varmasanız, onda bu, din olmayacaq. Bu da yeni bir təqlidçilik forması sayılacaq. Halbuki Allah Quranda tez-tez deyir ki, niyə ağlınızı işlətmirsiniz, niyə düşünmürsünüz? Niyə analiz etmirsiniz? Quran bizə bunu öyrədir.
- Quranı tərcümə edirsiniz. Müsahibələrinizin birində də qeyd etmisiniz ki, Quran tərcümələrində ciddi səhvlər var. Həmin səhvləri qeyd edə bilərsinmi?
- Bu gün əlimizdə 10-a yaxın Azərbaycan dilinə tərcümə edilmiş Quran var. Onlar sanki bir-birinin kopyasıdır. Müəyyən sözləri dəyişərək, tərcümə edirlər. Nəyə lazımdır bu? Əgər 10 ayənin tərcüməsində bəyənmədiyin, xoşlamadığın nəsə varsa, həmin ayələrlə bağlı fikrini yazıb, kitab tərcümə etməyə ehtiyac qalmazdı. Vaxtını daha düzgün dəyərləndir. Mən də eyni fikirləri düşünürdüm.
Ancaq uzun illər Quran üzərində apardığım araşdırmalar nəticəsində belə fikrə gəldim ki, bəli, Quranın tərcüməsində ciddi xətalar var. Bu xətalardan sonra yavaş-yavaş Quranı tərcümə etməyə çalışırdım. Lakin sağ olsun dostlarımız, bunu daha da sürətləndirməyim üçün çox təkid və israr etdilər. Hətta vaxtımı alacaq bəzi məqamlardan kənarlaşdırıb, işimi tezləşdirməyim üçün şərait yaratdılar.
Quranın 78-ci surəsində cənnətdə insanlara veriləcək uşaqlardan bəhs olunur. Bu, pedofilya anlayışı ola bilərmi? Ayədə deyilir ki, cənnət müttəqilər üçün qurtuluş yeridir. Müttəqi qadın da, kişi də ola bilər. O zaman bu məntiqlə qadına da qadınmı veriləcək? Bu, LGBT anlayışına gətirmirmi? Bu, necə yanaşmadır?
Daha sonra "Nisa" surəsi var, "Qadınlar" surəsi. 34-cü ayədə müəyyən perioddan sonra qadınların döyülə biləcəyindən bəhs olunur. Mənə qəribə gələn odur ki, bu tərcümələri qadınlar özləri etsəydi, belə yanaşardılarmı? Yaxud qadının döyülməsini istəyən Allah kişinin döyülməsini də kimlərəsə məsuliyyət olaraq veribmi? Verməyibsə, biz bunu haradan çıxarırıq? Allah Quranda cins ayrı-seçkiliyimi edb? Xeyr, heç vaxt.
Başqa ayələrdə də qeyd olunur ki, qadınlarla xoş rəftar edin. Yəni xoş rəftar ediləcəyin bir şəxsi döymək bir-birinə ziddiyyət təşkil etmirmi?
Başqa ayələr də var ki, onların tərcüməsinə görə ateist olan insanlar tanıyıram. Məsələn, Allah istədiyinə hidayət verər, istədiyini əziyyətə salar. O zaman adam fikirləşməzmi ki, əgər Allah mənə hidayət verəcək və ya zəlalətə salacaqsa, qoy istədiyim kimi yaşayım. Əgər vaxtı-vaxtında ibadət edib, düzgün həyat yaşayıramsa, Allah mənə zəlalət verəcək, etdiklərim puça gedəcək.
Quranın əslində isə deyilir ki, Allah istəyənə hidayət, istəyənə zəlalət yolunu açar. İstəyən iman gətirsin, istəyən kafir olsun. Allah bizə bu seçimi, iradəni verir.
- Quranın tərcüməsində qüsurlar varsa, əlimizdə olan hazırkı Quranı müqəddəs saya bilərikmi?
- Müsəlmanlar Quranı, yəhudilər Tövratı, xristianlar İncili müqəddəs hesab edirlər. Müqəddəs anlayışı nədir? Bu kitablar kağıza çap olunur, hazırlanır. Müqəddəs anlayışı nisbi anlayışdır. Allah Quranda heç zaman müqəddəs sözündən istifadə etmir. Peyğəmbər haqqında da bu söz istifadə olunmur. Müqəddəs olaraq Allah yalnız özünü təqdim edir. Müqəddəs toxunulmazdır.
Bu gün Quranı müqəddəs hesab ediriksə, onu bütləşdiririk, əl vurmuruq, dəstnamazsız, baş örtüksüz ona toxunmuruq. Qalır kənarda, arada molla çağırtdırıb pul veririk ki, Quranı oxusun. Yaxud maşından asırıq ki, söyüş söymə, evlənənləri Quranın altından keçiririk ki, boşanmasınlar. Budurmu Qurana yanaşma?
Binəqədidə bina yandı, xəbər hazırlandı. O boyda evdə Quran guya yanmayıb. Bunu müqəddəsliklə əlaqələndiriblər. Bu fizika qanunudur, açılmayıb, arasına oksigen girməyibsə, yanmayıb.
Dünyada ən çox Quranın çap olunduğu yer Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşən mətbəədir. Burada 13 milyondan çox Quran çap olunur və həccə gələnlərə hədiyyə verilir.
Mətbəənin başqalarından fərqi yoxdur. Kağız Çindən, Avropadan gətirilir. Çap maşını Almaniya istehsalıdır. Çapda səhv olarsa kitab yandırılır. Müqəddəs deyilən budurmu? Hər ərəbcə yazılana müqəddəs deyilməz.
Quran stolüstü kitabımız olmalıdır. Yatmazdan əvvəl oxuduğumuz kitab olmalıdır. Məsələn, mən telefonuma müxtəlif çeşidli kitablar yükləmişəm. Niyə olmasın? Nədən qorxuruq? Çünki din xadimləri bizi Qurandan uzaqlaşdırıblar.
- İnsanların üz tutduğu pirlər onların inancında nə kimi rol oynayır?
- Uşaq vaxtı mən də seyid yanına, pirə getmişəm, nənəm aparıb. Yaxşı ki, aparıb. Xatırlayıram, Ağdaşın Kotana kəndində pirə getmişdik. Soruşdum ki, burada yatan kimdir. Dedilər ki, bu Yəməndə yaşamış, peyğəmbəri görməyən biridir, guya peyğəmbər daha sonra öz paltarını ona hədiyyə edib.
Coğrafiyanı oxuduqdan sonra anlayırsan ki, xüsusi dondurucular olmadan Rusiyadan meyitin ölkəmizə gətirilməsi hansı çətin proseslərdən keçir. İsti iqlim tipində bu, necə gətirilib, necə burada dəfn edilib? Quran oxuduqca anladım ki, bu tip fkirlərin heç bir əsası yoxdur.
Bir dəfə nənəm bir seyidə dedi ki, nəvəm Yasin surəsini əzbərləyib. Seyid dedi oxu. Oxumağa başlayanda bu da mənimlə başladı oxumağa. İkinci səhifəyə keçəndə baxdım ki, səhv oxuyur. Nənəmə dedim, o, Quranı səhv oxuyur, nənəm də məni vurdu ki, ondan yaxşı biləcəksən?
Bunlar insanların dini bilgisizliyindən qaynaqlanan məsələdir. Mən pirə niyə gedirəm? Ölənin özünə xeyri olmadığı halda mənə necə xeyri ola bilər? Allah Quranda deyir ki, onlar üzərinə gələn adicə bir şeyi uzaqlaşdıra bilmirlər. Adicə bir şeyi uzaqlaşdıra bilmirsə, mənə nə edəcək?
Peyğəmbərin yaşadığı dövrdə övladları vəfat edib. Hansı birini pirə çevirib? Peyğəmbər özündən əvvəl yaşadığı hansı peyğəmbəri pir halına gətirib, ondan nəsə istəyib? Bu, Qurana birbaşa ziddir. Quranın ilk surəsində Allaha xitabla deyilir ki, ancaq və ancaq sənə ibadət edir, ancaq və ancaq səndən istəyirik. Pirdən, seyiddən nəsə istəmək düz deyil. İlk surəni açıb oxuyan pirə gedərmi?!
- Yas mərasimində hökmən molla iştirak etməlidirmi? Dəfn mərasimində dini ayinlər yalnız ərəbcə səsləndirilməlidirmi?
- Molla oxuduğunu özü başa düşürmü? Yasində deyilir ki, ancaq diri olanları xəbərdar edin. Bu, mollanın özü onun tərcüməsini necə oxusun? Necə desin ki, diri üçündür, amma ölüyə oxuyur. Tərcümədə deyilir ki, sizdən heç bir muzd, mənfəət güdməyənlərə tabe olun. Tərcüməni necə oxusun?
Pandemiya bu problemləri həll etdi. Yaxınlar ölünü dəfn edib, evə qayıdır. Nə mollaya ehtiyac var, nə saysız yas mərasimlərinə.
Molla nə ilə dolanır? Heç bir gəliri yoxdur. Amma bu gün baş molladan kiçik mollaya qədər dolanışığına baxın. Çağırılır, hazır gəlir yeyir, içir, cibinə də pul qoyurlar. Üçündə yeyir, yeddisində yeyir, qırxında yeyir.
- Məhərrəm ayı ölkəmizdə ağır ay hesab olunur. Bəzi inanclı şəxslər bu ayda zəncir vurur, qara bağlayır. Bu, nə dərəcədə doğrudur?
- Məhərrəm ayı deyə bir ay bizim təqvimizdə yoxdur. Amma ərəblərin özlərində də Məhərrəm ayı ağır ay deyil. Ərəblər ölkəmizə istirahətə, əylənməyə gəlirlər. Özləri də təəccüblənirlər ki, Məhərrəm ayında bizimkilər özlərini vurub, qara bağlayırlar. Bu İranla əlaqəli məsələdir.
İmam Hüseyn sevgisi var, bunu başa düşürəm. Ancaq sevgi imam Hüseyn kimi dürüst yaşamaqdır, haqsızlığa qalib gəlməkdir, ibadətlərini yerinə yetirmək, elmlə məşğul olmaq, insanlara dini düzgün çatdırmaqdır.
Bəs peyğəmbərin özünün dünyasını dəyişdiyi ay yüngül aydırmı ki? Peyğəmbər sağlığında həyat yoldaşı vəfat etdiyi ayı ağır adlandırıb? Yox.
- Bu ayda xeyir işləri təxirə salmaq doğrudurmu?
- Ərəblərin özləri peyğəmbərin vəfat etdiyi aylarda toy-düyün etməyiblərmi? Allahın bizə öyrətdiyi din anlayışı düzgün adam olmaqdır.