Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2021 16:04
"Ermənistandakı böhranlı vəziyyət Azərbaycana gələcəkdə antiterror əməliyyatı keçirmək üçün ikinci bir zəmin verə bilər".
Sonxeber.net bildirir ki, bu sözləri sfera.az-a açıqlamasında Ermənistan daxilində hazırda yaşanan siyasi böhrandan Azərbaycanın hansı müstəvidə yararlana biləcəyi məsələsinə toxunarkən, politoloq Natiq Miri deyib.
Politoloq qeyd etdi ki, Ermənistanda yaşanan böhran Azərbaycanın indiyə qədər iddia etdiyi məsələlərdə nə qədər haqlı olduğunu bir daha göstərdi:
"Bu da dolayısı ilə Azərbaycanın mövqeyini gücləndirən şəraitdir. Belə ki, Ermənistanda artıq böhran tək ordu ilə hökumət arasında yaşanmır, habelə bu ölkə hökumətlə prezident arasında da ciddi siyasi böhran ərəfəsindədir. Belə bir siyasi böhranın yaşanması Ermənistanı hər cəhətdən zəiflədir".
Həmsöhbətimiz bildirdi ki, iqtisadi böhran keçirən Ermənistan getdikcə hərbi-siyasi baxımdan da böhrana yuvarlanır. Bu isə politoloqa görə, həm ölkə daxilində, həm regionda, həm də qlobal səviyyədə İrəvanın mövqeyini sarsıdır:
"Perspektiv az olsa da, hərbi çevrilişin həyata keçirilməsi isə Ermənistanda hökumətin qeyri-legitimliyini ortaya qoyacaq. Yəni hərbi xuntanın Ermənistanda hakimiyyəti zəbt etməsi qlobal səviyyədə Azərbaycanın mövqelərini gücləndirəcək".
N. Mirinin fikrincə, bundan sonra Azərbaycan daha rahat şəkildə Qarabağdakı erməni silahlı qüvvələrinin tamamilə torpaqlarımızdan çıxarılmasına cəhd edə, bu yöndə antiterror əməliyyatı keçirə bilər:
"Düşünürəm ki, Ermənistandakı böhranlı vəziyyət Azərbaycana gələcək perspektivdə antiterror əməliyyatı keçirmək üçün ikinci bir zəmin verə bilər. Bu xüsusda Ermənistandakı böhran əlbəttə ki, hər cəhətdən Azərbaycanın mövqelərini gücləndirir".