Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2021 17:52
AMEA Tarix institutunun Elmi Şurasının iclası keçirilib.
İnstitutdan Sonxeber.net-a verilən xəbərə görə, İnstitutun baş direktoru, professor Kərim Şükürov Tarix institutunun perspektiv inkişaf planlarından bəhs edib. u planlarda dünyada tarix sahəsində baş verən yeni elmi istiqamətlərin nəzərə alınması və Azərbaycan tarixinin öyrənilməsinin aktual məsələləri əks olunub.
Tarix institutunda əsas hədəflərdən biri kimi Azərbaycan tarixinin öyrənilməsinin müasir vəziyyətini əks etdirən bircildliyin hazırlanması mühüm yer tutacaq. Qeyd etmək lazımdır ki, AMEA Tarix institutunda son dəfə belə bir kitab 1993-cü ildə nəşr edilib. Həmin kitab da xronoloji cəhətdən 1920-ci ilədək olan dövrü əhatə edirdi. Ölkədə yeni, Azərbaycan tarixinin bütün dövrlərini əhatə edən bircildlik sosial tələbə çevrilmişdir. Elmi Şuranın qərarına əsasən, şöbələr tərəfindən ayrı-ayrı fəsillər təqdim edildikcə Tarix institutunun saytında nəşr ediləcək və geniş müzakirə olunmasına şərait yaradılacaq.
Elmi Şurada bircildlik ilə eyni zamanda, çoxcildlik Azərbaycan tarixinin yazılması sahəsində də tədbirlər planı qəbul edildi. Tarix institutu qarşısında duran ən mühüm məsələlərdən biri də Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30 illiyi və Vətən müharibəsi-İkinci Qarabağ müharibəsinə dair fundamental əsərlər hazırlanması ilə əlaqədardır.
2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsi nəzərə alınaraq, ″Nizami dövrü Azərbaycan tarixi″ mövzusunda elmi konfrans keçirilməsi də qərara alındı. Elmi şurada Azərbaycan tarixinə dair videoresursların hazırlanması və Youtube video-hostinqində nümayişlərinin təşkili də diqqət mərkəzində oldu. Şöbələr tərəfindən Azərbaycan tarixində mühüm rol oynamış hadisələr və görkəmli tarixi şəxsiyyətlərin yubileylərini əks etdirən təqvim hazırlanması və institutun saytında bu barədə məqalələr nəşr edilməsi də gündəlikdə xüsusi yer tutdu.