Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2021 12:14
Bakı-Quba yolunun Abşeron rayonu ərzisindən keçən hissəsində yol ikinci dəfə təmirə bağlanıb. Bu, avtomobillərin hərəkətinə də təsir edir. Sürücülər isə 2016-cı ildə təmirə bağlanan yolun yenidən niyə təmir edildiyini bilmək istəyirlər. Çünki hər dəfə təmir zamanı yolda uzun tıxaclar yaranır.
Yolda eyni ərazi növbəti dəfə təmir işləri üçün bağlanıb.
Magistral yolda təmir işləri bir müddətdir davam edir. 2016-cı ildə yolun 1 km-lik hissənin təmir edilməsi üçün bağlanan yolun bu dəfə 14 km-lik hissəsi təmir edilir. Təmir işləri ilə əlaqədar Ceyranbatan ərazisində yol birtərəfli qaydada bağlanıb. Bu da yolda uzun tıxacın yaranmasına səbəb olur.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən deyildi ki, magistral yolda təmir işləri daim aparılıb. Yolun paytaxt istiqamətində təmir işləri yekunlaşdıqdan sonra əks istiqamətdə yol təmirə bağlanacaq.
Qeyd edək ki, Bakı-Quba-Rusiya avtomobil yolu ən bahalı tikinti layihələrindən biridir. Yolun tikintisinə 2008-ci ildən başlanıb. Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 545 milyon 287 min manat xərclənib. Məhz sözügedən yolun 16-cı kilometrindən 30-cu kilometrinədək olan 14 km-lik hissəsində təmir-bərpa işlərinin aparılması üçün isə ötən il 8 milyon manat pul ayrılıb. Sonuncu dəfə yolun bu hissəsi 2016-cı ildə təmir üçün bağlanmışdı.