Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2021 16:24
Araşdırmaya görə, orta yaşlardan etibarən quru meyvələr (qoz, fındıq, badam, püstə və s.) yemək demensiya (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi) riskini azaldır.
Sonxeber.net Lent.az-a isitnadən bildirir ki, Sinqapur Milli Universitetində aparılan araşdırmanın nəticələrinə görə, alimlər hesab edir ki, bu meyvələri qırx yaşdan etibarən nizamlı şəkildə qəbul edənlərdə demensiyanın inkişaf riski daha azdır.
Alimlər 1993-2016-cı illər arasında təqribən 17 min nəfəri izləyərək onların idrak funksiyalarını pəhriz və qidalanmalarına görə qiymətləndiriblər. Tədqiqatçılar həftədə iki dəfə və ya 40 yaşından başlayaraq daha çox quru meyvələr- qoz, fındıq, badam və s. yeyən insanların ayda bir dəfədən az yeyənlərə nisbətən 60 yaşdan sonra yaddaş problemi ilə 20 faiz daha az qarşılaşdqlarını qeyd ediblər.
Tədqiqat həftədə bir dəfə qoz-fındıq yeyənlərin belə, 60 yaşdan sonra beyin funksiyasının pozulma ehtimalının 19 faiz daha az olduğunu ortaya çıxarıb.
Bu, fındıq, qoz və badam kimi quru meyvələrin qocalıqda demensiya riskini azalda biləcəyini göstərən ilk tədqiqat işi deyil. Cənubi Avstraliya Universiteti tərəfindən 2019-cu ildə 55 yaşdan yuxarı 5000 nəfərlə bağlı aparılan bir araşdırmada, gündə yalnız 10 qram qoz-fındıq yeyənlərdə beyin funksiyalarının 60 faizə qədər inkişaf etdiyi və demensiya riskinin azaldığı məlum olub.
Demensiyanın ən çox görülən ilk simptomları yaddaş itkisi, konsentrasiya problemi, gündəlik iş qaydalarını yerinə yetirməkdə, danışmaqda və ya doğru sözü tapmaqda çətinlik, vaxt və məkanla bağlı qarışıqlıq, əhval-ruhiyyənin dəyişməsi hesab olunur. Bu simptomların ümumiyyətlə, zəif bir şəkildə başladığı və zaman keçdikcə daha da kəskinləşdiyi bildirilir.