Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Tarix: 29 Iyul 2019 16:30

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts ilə görüş olub.

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda ardıcıl şəkildə həyata keçirilən uğurlu sosial islahatları diqqətə çatdırıb. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ildə təqdim etdiyi iki mühüm sosial paketin ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti mühüm irəliləyişlərə imkan verdiyini vurğulayıb. Azərbaycanda icra olunan mühüm sosial proqramları qeyd edən S.Babayev dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və tam şəffaf şəkildə göstərilməsi üçün reallaşdırılan DOST layhəsi barədə məlumat verib.

Nazir ölkəmizdə qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində aparılan işlər, əhalinin məşğulluğunun təminatı sahəsində həyata keçirilən aktiv məşğulluq tədbirləri, ildən-ilə genişləndirilən özünüməşğulluq proqramı barədə məlumat verib. Qeyd edib ki, sosial sahədə əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bunun növbəti təzahürü kimi, Azərbaycanda qeyri-formal məşğulluğun aradan qaldırılması, özünüməşğulluğun təminatı sahəsində aparılan işlər, habelə sosial yardım və əlillik təyinatı üzrə qurulan elektron sistemlər Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən xüsusi mükafatlara layiq görülüb.

S.Babayev həssas qruplardan olan vətəndaşların əmək bazarına çıxışının dəstəklənməsində nazirliklə BP-British Councilin birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın əhəmiyyətindən bəhs edib. Bildirib ki, layihənin birinci fazasında 86 nəfər əlilliyi olan şəxsin məşğulluq bacarıqlarının inkişafına dəstək verilib. Layihənin ikinci fazasında isə bu kateqoriyadan olan 100 nəfərin məşğulluq bacarıqlarına yiyələnmələrinə kömək göstərilməsi nəzərdə tutulub.

Nazir Azərbaycanla Böyük Britaniyanın müvafiq qurumları arasında əmək, məşğulluq, qeyri-formal məşğulluğun aradan qaldırılması, xidmətlərin avtomatlaşdırılması və vahid pəncərə prinsipi əsasında təşkili, pensiya və müavinət təminatı sisteminin idarə olunmasının təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin reabilitasiyası və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanlar vardır.

K.M.Krofts ölkəsinin Azərbaycanla əlaqələrinin daim genişlənməkdə olmasının məmnunluq doğurduğunu bildirib. O, ölkəmizdə sosial sahədə aparılan islahatları maraqla izlədiyini deyib. K.M.Krofts əmək münasibətləri, məşğulluq, sosial müdafiə, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahələrində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi, fəal təcrübə mübadilələrinin aparılması üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan və Böyük Britaniyanın müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə və reabilitasiya sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.


Etiketlər:  Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ