Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-diyetoloq: Quru meyvələr say ilə, çərəzlər qramla yeyilməlidir

Həkim-diyetoloq: Quru meyvələr say ilə, çərəzlər qramla yeyilməlidir

Tarix: 19 Aprel 2021 22:12

Qoz, şabalıd, fındıq, fısdıq süfrələrimizin əvəzolunmaz neməti sayılsa da, qədərindən çox istifadə olunanda orqanizmə təsirsiz ötüşmür və artıq çəki problemi yaradır. Həmin hallarla üzləşməmək üçün bir sıra qaydaları gözləmək lazımdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Səfa Yadigarova çərəzlərlə qidalanma qaydası barədə deyib: "Çərəzlərin qədərindən artıq qəbul edilməsi artıq kilolara səbəb olmaqla yanaşı, allergik proseslər - üzdə səpgi, qaşınma və bağırsaq problemləri yarana bilər. Çərəzlər faydalı qidadır, lakin onun hansı miqdarda qəbul etməyi bilmək lazımdır. Gün ərzində 6 ədəd qoz ləpəsi, 15-20 ədəd badam, 5-6 ədəd yapon qozu, 15 qram balqabaq toxumu, 40 qram püstə istifadə etmək olar".

Çərəzlərə quru meyvələr də daxildir. Mütəxəssislərin dediyinə görə, bəzi quru meyvələr, xüsusilə də xurma qanda şəkərin miqdarını artıra bilər. Bundan başqa çərəzlərin kalorisi də çox yüksəkdir. Ona görə də onların normadan artıq qəbulu çəki artımına səbəb olur.

"Elə quru meyvələrdən istifadə olunmalıdır ki, onların hazırlanmasında şəkərdən istifadə olunmasın. Quru meyvələr say ilə, çərəzlər isə qramla - gün ərzində təxminən 30-40 qram yeyilə bilər. Məsələn, gündə 2 xurma qurusu, 3 qaysıdan artıq qəbul edilməsi məsləhət görülmür. Qara gavalı arıqlama mərhələsində çox faydalıdır. Qəbizliyə meyilli olanlar və bağırsaq problemi ilə üzləşənlər onu isladılmış formada istifadə edə bilərlər", - deyə həkim-diyetoloq bildirib.

Sümükləri möhkəmlədən, yaddaşı gücləndirən, ürək-damar xəstəliklərinə müsbət təsir göstərən və xərçəng riskini azaldan çərəzlər çiy halda qəbul edilməlidir, çünki qovrulan çərəzin qida tərkibi dəyişikliyə məruz qalır, içərisində olan yağ trans yağa çevrilir. Onları qovuran zaman dadlandırmaq üçün duzdan da istifadə etmək məsləhət görülmür, çünki qədərindən artıq duz da orqanizm üçün çox zərərlidir.


Etiketlər:  Həkim diyetoloq Quru meyvələr ilə çərəzlər qramla yeyilməlidir


RƏYLƏR