Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2021 20:02
Dünyanın ən çox turist qəbul edən şəhərlərindən biri olan İstanbulun küçə və prospektləri demək olar ki, tamamilə boşalıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bütün dünyaya öz mənfi təsirini göstərən COVID-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində bütün Türkiyədə növbəti dəfə üç günlük "Evdə qal" məhdudiyyəti tətbiq olunur.
Pandemiya səbəbindən qardaş ölkədə, o cümlədən dünyanın ən böyük meqapolislərindən biri olan İstanbulda da ictimai və sosial həyat tamamilə dayanıb, insanlar evlərinə çəkiliblər. İlin dörd fəsli milyonlarla turist qəbul edən şəhərdə hazırda çox nadir hallarda xarici vətəndaş görmək mümkündür. Turistlərin, eyni zamanda, yerli əhalinin də sıx olduğu Taksim və Kadıköy meydanları, İstanbulun məşhur sahilləri, İstiklal prospekti kimi ən işlək səmtləri də yalnızlığa məruz qalıb. Ölkəyə gələn xarici vətəndaşların böyük əksəriyyəti isə təbiət turizminə üstünlük verir.
Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın ölkədə pandemiya ilə bağlı vəziyyətlə əlaqədar verdiyi son açıqlamasına əsasən, Türkiyədə tətbiq olunmağa başlayan qismən qapanmadan indiyədək yoluxma və ölüm hallarının sürətlə artdığı İstanbulda bu rəqəmlərdə azalma müşahidə edilir. Nazir şəhərdə yoluxanların sayının 20 faizədək azaldığını, lakin, bu rəqəmin yalnız ambulator və stasionar xəstələrə şamil olunduğunu deyib. Reanimasiya şöbələrində yatan xəstə sayında isə hələ də sıxlıq davam edir.
Artıq bir neçə həftədir ölkədə, o cümlədən İstanbulda COVID-19-a qarşı məhdudiyyətlər sərtləşdirilib. Bu qapanmadan əldə edilən nəticəyə əsasən tədbirlərin sərtləşdirilib və ya yumşaldılması ilə bağlı yeni qərarlar qəbul ediləcək.