Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 09:30
"Azad media hər hansı bir ölkədə ictimai nəzarətin ən mükəmməl və təkmil mexanizmlərindən biri olduğuna görə özünün inkişafı qayğısına qalan hər hansı bir ölkə daim bu istiqamətdə səylər göstərir və azad media mühitinin bərqərar edilməsi üçün həm qanunvericilik, həm də praktiki fəaliyyət müstəvisində gərəkli addımları atır".
Bunu Sonxeber.net-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, Azərbaycanda özünün şəxsi peşə reytinqi ilə jurnalistika peşəsinin reytinqi arasında qırılmaz bağlılığın olduğunu nümayiş etdirən jurnalistlərimiz və media orqanları var:
"Azad media ideal bir hədd deyil. Yəni hər hansı bir ölkə media azadlığı və yaxud da ki, azad media müstəvisində mümkün olan ən son həddə gəlib çatdığı iddiası ilə çıxış edə bilməz və yaxud da ki, hər hansı bir ölkə üçün media azadlığının ən aşağı pilləsində dayanan ölkə statusu müəyyənləşdirmək də tamamilə yersizdir. Medianın, media azadlığının nə ən aşağı həddi, nə də ən yüksək həddi mümkündür. Vacib olan media azadlığının bərqərar olması yolunda həm qanunvericilik, həm də praktik təkmilləşmə müstəvisində fasiləsiz addımlar atılmasını gündəlik fəaliyyət normasına çevirməsindən ibarətdir ki, Azərbaycan bu sahədə lazımı nəticələri ortaya qoya bilən bir ölkədir. Amma təəssüf ki, media azadlığı sahəsində Azərbaycanda da müəyyən problemlər var. Xüsusilə də jurnalist peşəkarlığının, jurnalist məsuliyyətinin hələ mütləq və tam mənada bərqərar edilmədiyini təəssüf hissi ilə qeyd etmək mümkündür. Bəzi hallarda azad media mühitindən və prinsiplərindən sui-istifadə hallarına rast gəlinir. Azad media qaydalarını özünün peşə fəaliyyətində lazımı qədər məsuliyyətlə tətbiq edə bilməyən jurnalistlərə rast gəlinir. Azad medianın ən mühüm əlamətlərindən biri jurnalist peşəkarlığının və jurnalist məsuliyyətinin bir-biri ilə üzvü şəkildə bağlılığıdır. Təcrübə göstərir ki, peşəkarlığı və məsuliyyəti lazımı səviyyədə olmayan hər hansı bir jurnalist azad media prinsiplərinin daşıyıcısı ola bilməz.
Azad media şəraitində jurnalistin şəxsi avtoriteti və reytinqi jurnalistikanın reytinqi ilə üzvü şəkildə bağlıdır. Azərbaycanda saysız nümunələr göstərmək mümkündür ki, özünün şəxsi peşə reytinqi ilə jurnalistika peşəsinin reytinqi arasında qırılmaz bağlılığın olduğunu nümayiş etdirən jurnalistlərimiz və media orqanları var. Amma təəssüf ki, özünün şəxsi nüfuzu ilə medianın nüfuzu arasında qırılmaz əlaqənin roluna lazımı qiyməti verə bilməyən jurnalistlərə hələ də rast gəlinir.
Azərbaycan mediası fasiləsiz islahat və dəyişmə prosesindədir. 1990-cı illərdən başlayaraq indiyə qədər tək-tək illər göstərmək olar ki, bizim mediamıza aid həmin ildə hansısa bir islahat və yaxud da ki, yenilik addımı atılmasın. Fikrimcə, Azərbaycanın azad media prinsiplərinə doğru hərəkətlərinin ən vacib məqamlarından biri bu islahatlar prosesinin fasiləsiz şəkildə aparılmasıdır. O yerdə ki, xüsusilə də media idarəçiliyi və jurnalistlərin peşəkarlığının artırılması istiqamətində daim yenilik və islahat addımları atılır, onun cari və strateji nəticələri həmişə böyük olur. Hazırda Azərbaycan mediası özünün islahatlar tarixinin ən məhsuldar və əhəmiyyətli dövürlərindən birini yaşayır. Az əvvəl Prezidentin Sərəncamı ilə Media İnkişaf Agentliyinin yaradılması hələlik Azərbaycan mediasında islahatlar və inkişaf yollarının ən son nailiyyətlərindən biri kimi dəyərləndirilə bilər. Çünki indiyə qədər Azərbaycan mediasında mütərəqqi təmaqüllərin tənzimlənməsi kimi vacib bir missiyanı yerinə yetirmək sahəsində Media İnkişaf Agentliyi qədər zəruri və geniş səlahiyyətlərə malik olan ikinci bir orqan olmayıb. Düşünürəm ki, Media İnkişaf Agentliyinin geniş səlahiyyətləri azad media prinsiplərinin daha dərin bərqərar olmasında öz rolunu oynayacaq".
Təhməz Əsədov