Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 14:54
Dövlət başçısı tərəfindən gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri də şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılmasıdır.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilən qanun pozuntularının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Fərdi sahibkarlıq fəaliyyətilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Rzayev Rəhim Əli oğlu 27 aprel 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşı ona məxsus yüklərin rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verir. Lakin özünü gömrük brokeri kimi təqdim edən Əli adlı şəxs ona zəng edərək 300 manat pul qarşılığında gömrük əməkdaşının vasitəçiliyi ilə həmin yüklərin sayılmadan və çeşidlənmədən buraxılışına şərait yarada bilər.
Ərizəçinin müraciəti əsasında Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları təxirə salınmadan əməliyyat tədbiri keçirib. Bu zaman Rəhim Rzayevin Əli adlı şəxsə nağd şəkildə verdiyi A75938841, B06792666, C44667176 seriya nömrəli, hər biri 100-lük əsginaslardan ibarət 300 manat məbləğində pul "Fortis Broker" MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyən Əli Nəsibovdan aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Nəsibov Əli Adil oğlunun fərdi sahibkarla heç bir mülki hüquqi müqavilə, eləcə də etibarnamə olmadan qanunsuz yolla aldığı 300 manat pul "yük gömrük xidmətləri" göstərilməsi adı altında "Fortis Broker" MMC-nin möhürüylə təsdiq edilən 853143 nömrəli mədaxil qəbzi ilə pərdələnib.
Bununla belə, faktla bağlı araşdırma aparılıb və müvafiq şəxslərin izahatı alınıb.
Özünü gömrük brokeri kimi təqdim edən Əli Nəsibovun izahatı alınarkən müəyyən edilib ki, o, orta təhsilli olmasına baxmayaraq, ali və ya ixtisas təhsili olmadan "Fortis Broker" MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsinə qəbul olunub. Bu sahədə gömrük qanunvericiliyinin tələblərini yetərincə mənimsəməsə də, gömrük təmsilçisi kimi fəaliyyət göstərməyə səlahiyyəti olmasa da gömrük borkeri kimi çalışıb və ayrı-ayrı vətəndaşlara məxsus yüklərin gömrük orqanlarından çıxarılması üçün vasitəçilik fəaliyyəti ilə məşğul olub.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsasən, gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Məcəllənin 21-ci maddəsinə əsasən, gömrük təmsilçisi hansı şəxsin mənafeyi üçün fəaliyyət göstərdiyini və gömrük təmsilçiliyinin birbaşa, yaxud dolayı həyata keçirildiyini gömrük orqanına bildirməlidir.
Eyni zamanda, qanunvericiliyin tələblərinə əsasən, gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.
Lakin Əli Nəsibov ilə fərdi sahibkar arasında belə bir müqavilə bağlanmayıb, onun mənafeyi, habelə birbaşa və ya dolayı təmsilçilik fəaliyyəti göstərməsi barədə gömrük orqanına məlumat verilməyib, müvafiq təsdiqedici sənədlər təqdim edilməyib.
İzahatı alınan gömrük əməkdaşı isə ərizəçinin 300 manat pul qarşılığında onun vasitəçiliyi ilə vətəndaşa məxsus yüklərin sayılmadan və çeşidlənmədən buraxılışına şərait yaradacağı barədə dediklərini etiraf etməyib, ərizədə qeyd edilənlərin əsassız olduğunu bildirib.
Buna baxmayaraq, faktla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə bağlı gömrük əməkdaşı və "Fortis Broker" MMC-nin işçisi barədə toplanılan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Gömrük sistemində şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi xarakter daşıyır və aşkar edilən bütün hüquqazidd əməllər barədə ictimaiyyət davamlı şəkildə məlumatlandırılacaq.