Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Evə daxil olanda hətta masanın üstündə ermənilərin yeməyi qalmışdı" - Xalq artisti

Tarix: 17 May 2021 16:33

"Şuşaya getməyin o qədər həsrətin çəkmişdik ki, çünkü Şuşa bizim müqəddəs şəhərimizdir, qürur mənbəyimizdir, mədəniyyət paytaxtımızdır".

Bunu Milli.Az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.

"1 il bundan öncə mənfur qonşularımız orada yallı gedəndə biz ürəkağrısı ilə o mənzərəni seyr etmişdik. Ağlımıza gəlməzdi ki, belə qısa zamanda biz Şuşada "Xarıbülbül" festivalı keçirə bilərik. Bu da təbii ki, Müzəffər Ordumuzun, Ali Baş Komandanın sayəsində bizə müəssər oldu. 

İlahi, mən yenidən Şuşaya gəlmişəm

Mən uşaqlıq illərimin yay tətillərində Şuşada çox vaxt keçirmişəm. Ora mənim üçün çox əzizdir. Biz ilk gün - mayın 11-də ora gedəndə Şuşaya daxil olarkən elə bir gözəl hiss keçirtdim ki, ilahi, mən yenidən Şuşaya gəlmişəm. Sanki oranın dağı-daşı da, havası da bayram edirdi. Çünkü Şuşanın sahibləri qayıtmışdı. 

3 gün orada qaldıq, o 3 gün ərzində Şuşadan doymadıq. "Xarıbülbül" festivalı tarixi bir hadisə idi. Çünkü müharibənin bitməyindən 6 aydan biraz artıq bir vaxt keçib. 6 ay ərzində orada çox böyük işlər görülübdür. Erməni vandallarının qurbanı olan dini, mədəni irsimiz bərpa olunur, yollar çəkilir, infrastruktur yenidən qurulur. Bu da təbii ki, bizim doğma şəhərimizə olan məhəbbətimizdən irəli gəlir ki, bu az bir vaxtda belə mükəmməl bir festival keçirtmək çox çətin bir məsələdir. Məhz Heydər Əliyev Fondu bu festivalı təşkil etdi, möhtəşəm bir səhnə quruldu. 

Bu bir xoşbəxtlikdir. Şuşaya yola düşdüyümüz gün hava biraz sərin idi. Amma 12-si və 13-ü günü ("Xarıbülbül" festivalının keçirildiyi günlər) hava da çox möhtəşəm idi. Hətta biraz gün də bizi yandırdı. Cıdır düzünü gəzdik, oradan kəklikotu yığdıq. Mən özümü şanslı bir sənətkar hesab edirəm ki, o tədbirdə mən birinci günü "Qaçaq Nəbi" mahnısı ilə çıxış etdim. Və orada bizim azsaylı xalqlarımız öz musiqiləri ilə çıxış etdilər. Bununla həm də sübut olundu ki, Azərbaycan çoxmillətli bir ölkədir ki, burada hamı bir ailə üzvü kimi biryerdə yaşayır. Müharibə vaxtında da bu, sübut olundu, "Xarıbülbül" festivalı da onu təsdiq etdi.

Bütün Şuşa o səsdən titrəyirdi

Festivalın ikinci gününün axşamı baş tutan atəşfəşanlıq özü də böyük bir mesaj idi. Təsəvvür edin ki, bütün Şuşa o səsdən titrəyirdi.

Xankəndindəki mənfur qonşularımız hamısı bu atəşfəşanlığı canlı olaraq izlədilər. May ayının 13-ü günü Şuşada bayram namazı qılındı. Neçə ildən sonra ilk dəfə olaraq Şuşada yenidən azan səsi ucaldı, Quran oxundu. Bunlar təsadüfü bir şeylər deyil. Orada dahi Üzeyir bəyin, Fikrət Əmirovun, Qara Qarayevin, Asəf Zeynallının musiqisi səsləndi, muğamımız ifa edildi, aşıq musiqimiz səsləndi. Üzeyir bəyin, Xanın, Cabbarın, Seyidin, Bülbülün, Rəşidin ruhu şaddır bugün, onların ruhu bizim başımızın üstündədir. Və biz getdik onların (Üzeyir Hacıbəyovun, Xurşidbanu Natəvanın, Bülbülün - red) ermənilərin güllələdikləri heykəllərini də ziyarət etdik, Natəvanın bulağından su içdik. 

Şuşadan ayrılmaq istəmirdik, hərkəs belə idi. Sanki ora gedən hammının sifətində xoşbəxtlik ifadəsi var idi. Şuşa üçün o qədər darıxmışdıq ki, havasından, suyundan doya bilmirdik. Baxmayaraq ki, yollar hələ narahatdır, infrastruktur hələ yoxdur, ona baxmayaraq hərkəs özünü bəsgər kimi hiss edirdi, elə bil bu vəzifəmizi yerinə yetirməyə getmişdik. Biz çıxdıq qayanan üstünə ki, görək Ordumuz oradan Şuşaya necə qalxıb?! İnanın, mümkünsüz bir şeyi bizim Ordumuz mümkünə çevirib. Xüsusi təyinatlılarımız mümkünsüz bir şeyin öhdəsindən gəliblər. Bəzi hərbiçilərimiz bizə orada dedilər ki, bəzi evlərə daxil olanda hətta stolun üstündə ermənilərin yeməyi qalmışdı. Çünkü onlar gözləmədikləri bir vaxtda gözləmədikləri yerdə Şuşaya daxil olmuşdular. Ona görə də bu, bir xoşbəxlikdir. Mən bu bayramı bizə yaşatdıqları üçün Ali Baş Komandana, Müzəffər Ordumuza təşəkkür edirəm.

Təbii ki, düşünürəm, hər il bu festival daha möhtəşəm olacaq. Çünkü artıq orada bizim insanlarımız məskunlaşacaq, ora daha gözəlləşəcək. Şuşada yeni məscidin, orta məktəbin təməli qoyuldu. İnşallah üzü payıza Şuşa bərpa olunduqca daha da gözəlləşəcək". 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Evə daxil olanda hətta masanın üstündə ermənilərin yeməyi qalmışdı Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ