Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 18:50
Niderlandın Rotterdam şəhərində "Eurovision 2021" mahnı müsabiqəsinin final mərhələsi başa çatıb. Qalib "Zitti E Buoni" mahnısı ilə İtaliyanın Maneskin rok qrupu olub. Tamaşaçıların və münsiflərin səsverməsinin nəticələrinə əsasən, bu qrup 524 bal toplayıb.
Azərbaycanı "Eurovision 2021"in finalında "Mata Hari" mahnısı ilə təmsil edən Samira Əfəndi 65 xal toplayıb və 20-ci yerdə qərarlaşıb.
Bu mahnı müsabiqəsi Azərbaycan üçün qalmaqalsız ötüşməyib. Ona görə ki, münsiflərin digər ölkə iştirakçılarına verdiyi xallar sosial şəbəkələrdə müzakirə doğurub. Əksəriyyət Azərbaycan münsif heyətinin Rusiyaya, Yunanistana və Fransaya yüksək xal verməsini kəskin qınayıb.
Qeyd edək ki, münsiflər Rusiyaya 12, Yunanistana 10, Fransaya isə 4 xal uyğun görüb.
Sonxeber.net xəbər verir ki, mövzu ilə əlaqəli "Sherg.az"a danışan siyasi analitik Turab Rzayev münsif heyətinin seçiminin biabırçılıq olduğunu söyləyib:
"Əslində dəyərli sənət adamları birgə musiqi zövqlərinə uyğun səs verməlidirlər. Burada iki faktor da var: şəxsi simpatiya və musiqi keyfiyyəti. Lakin gördük ki, bizim münsiflərin musiqi zövqü yoxdur.
Seçdikləri ölkələr nə Azərbaycanda, nə Avropada bəyənildi. Onlar digər jürilərdən yaxşı bal ala bilmədilər.
Səsvermədən belə başa düşülür ki, guya 44 günlük müharibədən çıxan xalqın simpatiyası Rusiya, Yunanıstan və Fransayadır?! Bu Azərbaycan xalqına təhqirdir.
Onlar millətimizi tanımırlar, bizdən deyillər, xalqa yaddırlar. Kolonyanın qalıqlarıdırlar. Yadıma gəlir, 2013-cü ildə münsif heyətində Tünzalə Ağayeva da var idi. Həmin jüri musiqi zövqlərinə uyğun qərar qəbul etmişdi.
İlk dəfə Azərbaycan Rusiyaya 0 xal vermişdi. Hətta Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə azərbaycanlı həmkarına zəng etmişdi. İndi üzüldüm ki, münsif heyətində Tünzalə Ağayeva kimi qeyrətli bir kişi, ya qadın çıxıb demədi ki, bu nə xaldır?
Söyləmədilər ki, həmin səsverməyə görə, Azərbaycan xalqı bizi daş-qalaq edər. Elə də oldu. Xalq münsiflərin qərarı ilə razılaşmır. O insanlar bizi yox, kolonyanı təmsil edirlər".
Xatırladaq ki, münsif heyətinin tərkibində əməkdar incəsənət xadimi Vaqif Gərəyzadə, müğənnilər Sevda Ələkbərzadə, Zamiq Hüseynov və rejissor Fuad Əlişov da olub.