Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 13:20
Xırdalan şəhərində isə inşa edilmiş çoxmərtəbəli binaların birində kommunal xidmətlərin təchizatında ciddi problemlər var. Məsələ ondadır ki, 2017-ci ildə istifadəyə verilən mənzillərdə nə qaz, nə işıq, nə də su var. Sakinlər artıq 4 ildir ki, belə vəziyyətdə yaşayırlar. Məsələyə aidiyyatı qurumlar aydınlıq gətiriblər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Abşeron rayonu Xırdalan şəhəri Həzi Aslanov küçəsində yerləşən binada yaşayan sakinlər kommunal xidmətlərin yoxluğundan şikayətçidirlər. Onların sözlərinə görə 2017-ci ildən mənzillərinə köçüblər. Amma o zamandan bəri binaya nə qaz, nə su, nə də işıq verilib.
Mənzillər Avroqrant MMC və Xələfli MTK-tərəfindən satılıb. Kommunal xidmətlərin yoxluğu bir yana, hətta 12-ci mərtəbəyə liftsiz çıxıb-düşənlər də var.
Ərazidə çəkiliş apardığımız zaman özünü MTK nümayəndəsi kimi təqdim edən şəxs çəkiliş qrupumuza mane olmağa çalışıb.
Sözügedən şirkətlərin ofislərinə baş çəksək də, orada heç kimi tapa bilmədik.
Sakinlərin ''Avroqrant'' MMC-nin rəhbəri kimi təqdim etdikləri Xanlar Cəfərovla telefon əlaqəsi qurmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Məsələ ilə bağlı ''Azərişıq'' ASC-dən bildirildi ki, ''Avroqrant'' MMC və ''Xələfli'' MTK tərəfindən texniki şərtin alınması üçün quruma heç bir müraciət daxil olmayıb. ''Azərsu'' ASC-dən qeyd edildi ki, ''Avqoqrant'' MMC texniki şərt üçün ümumiyyətlə müraciət etməyib, Xələfli MTK isə texniki şərt üçün müraciət etsə də, nəzərdə tutulan prosedurları davam etdirməyib. ''Azəriqaz'' ASC-dən isə açıqlama verilib ki, Xələfli MTK tərəfindən daxil olmuş müraciət əsasında ötən ilin dekabrında 2 blok üzrə 121 mənzilə qazın verilişi təmin edilib. 7 bloklu binanın digər 2 bloku üçün isə yalnız bugün müraciət edilib. Nəzərdə tutulan prosedurlar icra edildikdən sonra daha 121 mənzil qazla təmin ediləcək.