Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 17:03
"20 il bundan əvvəlki ordumuza baxanda indi böyük bir inkişaf, böyük bir irəliləyiş var".
Bunu Sonxeber.net-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.
O bildirib ki, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğumuzda əvəzsiz paya sahibdir:
"Ordumuzdakı inkişaf günü-gündən artmaqdadır, artacaqdır da. Son hadisələri nəzərdən keçirsək, lap son olaraq Şuşada Türkiyə ilə Azərbaycan arasında imzalanan Bəyannamə bu inkişafın bir numunəsidir. Xüsusi ilə Pakistan, Türkiyə, İsrail, Ukrayna, Belarus kimi müttəfiq ölkələrlə Azərbaycan Ordusunun da birgə irəliləməsi bizi istər-istəməz daha böyük inkişafa doğru aparıb çıxaracaq.
Regionda elə geopolitik dəyişiklər gedir ki, biz istəsək də, istəməsək də o müttəfiq olan ölkələr - hansılar ki, adlarını çəkdim - regionda bizim ordumuzun güclənməsinə, qüdrətinin daha da artmasında maraqlı qüvvələrdir və bundan sonra da kifayət qədər də dəstək olacaqlar.
Bir neçə gün öncə Latviyanın NATO-dakı işçi qrupunun nümayəndəsinin Azərbaycana gəlməsi, Azərbaycanla birgə təlimlərdə iştirak planı bizim NATO-ya doğru daha yaxınlaşmağımız deməkdir. Üstəlik, götürsək ki, Türkiyə NATO ölkəsidir, o zaman demək olar ki, Türkiyə Azərbaycandadırsa, Azərbaycanla böyük mühim müqavilələr bağlayırsa, demək artıq NATO Azərbaycandadır. Türkiyə buradadırsa, demək NATO da buradadır.
Demək olar ki, təxminən 20 il əvvəl Ordumuzun ilk addımları idi ki, Silahlı Qüvvələrimizdə böyük islahatların əsası qoyuldu. Və beləcə, güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bunun da nəticəsi 44 günlük II Qarabağ müharibəsi ilə göz qabağında oldu. Bu müharibə Ordumuzun nəyə qadir olduğunu təsdiq etdi və göstərdi ki, Ordumuz rabitəlidir. Ordunun qüdrətini, gücünü və təşkilatlanmasını döyüş zamanı görmək olar, bu savaş da Silhalı Qüvvələrimizin müxtəlif qoşun növləri arasında rabitə əlaqəsinin olduğunu göstərdi. Bu da 1, 2, 3 günün içində formalaşmış bir struktur deyil. Bunun üstündə illərlə işlənilib, mərkəzlər yaradılıb və həmin mərkəzlər vasitəsi ilə orada mütəxəssislərimiz yetişdirilibdir, hərbi biliklərini artırmaq məqsədilə xaricə göndərilibdir. Maliyyə, iqtisadi güc olmasaydı bunları necə həyata keçirmək olardı?".
Təhməz Əsədov