Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2021 10:15
"Ələt Azad İqtisadi Zonasının istismara verilməsi ilə Azərbaycanda dayanıqlı, yüksək texnoloji iqtisadiyyatın formalaşması istiqamətində önəmli addım atılmış olacaq".
Bunu Sonxeber.net-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
O bildirib ki, bu gün dünya iqtisadiyyatında yeni texnoloji quruluş formalaşır:
"Ələt Azad İqtisadi Zonasının istismara verilməsi ilə bölgədə formalaşan yeni geosiyasi və regional iqtisadi çağırışlar konteksində sözsüz ki, Azərbaycan məhsullarının satış bazarları üçün imkanlar xeyli dərəcədə artmış olacaq. Bununla yanaşı ölkədə həyata keçirilən iqtisadi idarəetmə siyasətinin investisiyaların artımına istiqamətlənməsi şəraitində ölkədə daha çox yüksəl texnoloji məhsulların istehsalı mümkün olacaq. Bu, Azərbaycan üçün rəqabət qabiliyyətli iqtisadiyyatın qeyri-xammal sektorunun inkişafına yönəlik iqtisadiyyatın qurulması üçün mühüm imkanlar yaradacaq.
Bununla yanaşı unutmayaq ki, faktiki olaraq bu gün dünya iqtisadiyyatında yeni texnoloji quruluş, yeni dünya təsərrüfat quruluşu formalaşır. Rəqəmsal texnologiyalarla, informasiya-kommunikasiya texnologiyaları ilə, hüceyrə texnologiyaları ilə bağlı istiqamətlərdə dayanıqlı şəkildə artım müşahidə etdirir. Özü də bu sahələr üzrə inkişaf iqtisadiyyatın digər sahələri ilə müqayisədə dəfələrlə daha yüksək rəqəmlərlə ifadə olunur. Eyni zamanda, insan kapitalının iqtisadi inkişaf, texnoloji inkişaf nöqteyi nəzərindən ön planda olması reallıqdır və bu sahələrə investisiyaların yatırımı ilə, bu sahələrin inkişafı ilə Azad İqtisadi Zonalar kimi mütərəqqi qərarların, yanaşmaların tətbiqi ilə sözsüz ki, ölkəmizin dayanıqlı rəqabət üstünlükləri həm iqtisadi, həm texnoloji nöqteyi nəzərdən artmalıdır".
Təhməz Əsədov