Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 13:09
"Ermənistan tərəfindən belə hallar bundan əvəl də baş verib. Son 30 il ərzində ermənilərin atəşkəsi pozması artıq adət halını alıb. Hətta bundan da irəli gedərək, torpaqlarımızı işğal etmişdilər, amma təbii ki, bu gün o gün deyil".
Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.
Hərbi ekspert bildirib ki, Ermənistanın sərhəddə törətdiyi təxribatlar sərt bir şəkildə cavablandırılmalıdır:
"Biz artıq torpqlarımızı işğaldan azad etmişik. Sərhədlərimiz də delimitasiya olunur və bu, qarşılıqlı razılaşma əsasında həyata keçirilir. Belə bir ərəfdədə bu cür təxribatların hansı tərəfdən, kimlər tərəfindən törədilməsinə baxmayaraq sərt bir şəkildə, adekvat olaraq cavablandırılmalıdır.
Ermənistanda siyasi gərginlik ola bilər, özbaşınalıq ola bilər, ordu ənənələrinə zid davranışlar ola bilər, amma bu, Azərbaycanı maraqlamdırmır. Azərbaycanı bu gün maraqlandıran onun ərazi bütövlüyüdür, sərhədlərinin toxunulmazlığıdır. Bu sərhədlərə kimlərsə tərəfindən hörmətsizlik edilirsə, o sərhədlər pozulursa, təbii ki, Azərbaycan sərt bir şəkildə buna cavab verməlidir. Hətta elə cavab verməlidir ki, qarşı tərəf onun dövlətçiliyinin belə təhlükə altına düşəcəyinin fərqinə varmış olsun".
Xatırladaq ki, iyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub. Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub. Bu hadisədən bir gün keçməmiş - iyulun 7-də saat 13:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Təhməz Əsədov