Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2021 23:46
Dördilliyin zirvə yarışının - "Tokio 2020" XXXII Yay Olimpiya Oyunlarının başlamasına cəmi iki gün qalıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hər hansı gözlənilməz hadisə baş verməzsə, "Tokio-2020"nin açılış mərasimi iyulun 23-də baş tutacaq.
Maraqlıdır ki, Tokio tarix boyu üç dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi hüququ qazanıb. Lakin bunların hər birində baş vermiş müxtəlif hadisələr bu idman bayramına maneə yaradıb. 1940-cı ildə Olimpiya Oyunları Yaponiyanın Çinə hücum etməsinə görə ləğv olunub. 1964-cü ildə isə "Gündoğar ölkə"də görünməmiş quraqlıq baş verib və yarışların tarixi payıza dəyişdirilib. 2020-ci ildə də Tokio bu lənətdən yayına bilməyib. Belə ki, məlum koronavirus pandemiyası səbəbindən yarışlar bir il müddətinə təxirə salınıb. Artıq yarışların ilk qarşılaşmaları baş tutsa da, hələ də risk dərəcəsi yüksək olaraq qalır. Bunu Oyunların təşkilat komitəsinin üzvləri belə ifadə etməkdən çəkinmirlər. Yaponiya paytaxtında koronavirusa yoluxmaların qarşısını almaqda çətinlik çəkən ölkə rəhbərliyi yoluxma səviyyəsinin kəskin artacağı təqdirdə Oyunların ləğvinin mümkün olduğunu etiraf edir. Bu məqsədlə iyulun 12-də elan edilən fövqəladə vəziyyət rejiminin avqustun 22-də başa çatacağı gözlənilir.
Məsələni çətinləşdirən digər məqam təkcə statistikanın deyil, yaponların özlərinin də Olimpiadanın əleyhinə olmalarıdır. Olimpiada ilə bağlı məsələlərin müzakirə olunduğu obyektlərin qarşısında fasiləsiz etiraz mitinqləri davam edir.
Lakin nə hökumət, nə də Beynəlxalq Olimpiya Komitəsi Olimpiadanın keçirilməsi barədə qərardan geri çəkilmək istəmirlər. Buna görə də "Tokio-2020" tarixə "Ciddi rejimli Olimpiada" kimi düşəcək. Bütün idmançılardan və Olimpiadanın digər iştirakçılarından tibbi maska daşımaları, gündə azı bir dəfə test vermələri tələb edilir. Çox yaxın ünsiyyət də Atletlər kəndində qadağan edilmiş qaydalar siyahısındadır. Yeri gəlmişkən, Olimpiya iştirakçılarından başqa heç kimin buraxılmadığı Atletlər kəndindəki otaqlarda minimal və ekoloji cəhətdən təmiz şərait yaradılıb. Burada ağacdan və kartondan hazırlanmış bütün inventar sonradan tullantı kimi ləğv olunacaq.
Tokio körfəzinin sahilində yerləşən Atletlər kəndinə gəlincə isə, burada yarışlara qatılacaq 18 min nəfərin yaşayacağı 21 bina inşa edilib. Ölkəyə daxil olarkən qonaqların telefonlarına yüklənən xüsusi proqramlar onlardan hər birinin GPS vasitəsilə izlənməsinə şərait yaradır. Komanda üzvlərindən birinin yoluxması baş verdiyi halda, onun yaxınlıqda olmuş bütün yoldaşları karantinə göndərilir. Hətta kəndin həyətində gəzmək də qadağandır.
Bununla yanaşı, bütün ölkələrin nümayəndə heyətləri maksimum dərəcədə ixtisara salınıblar. Əgər əvvəlki Olimpiadalar zamanı bütün iştirakçılar yarışlara eyni vaxtda gəlirdilərsə, Tokio Olimpiadası zamanı hər bir komanda yalnız öz vaxtında Yaponiya paytaxtına gələ bilər. Yeni qaydalara əsasən, hər bir idmançı onun çıxışına yalnız beş gün qaldığı zaman Tokioya səfər edə bilər.
Məşhur əcnəbi idmançılarla görüşmək məqsədilə yerli həvəskarlar tərəfindən aparılan hazırlıq işləri də demək olar ki, qadağan edilib. Yaponiyanın bir çox şəhərlərini əhatə edən "Host town" proqramı çərçivəsində idmançılarla ünsiyyətə icazə verilməyəcək. Nə imza alma, nə də fotosessiya mərasimləri keçirilməyəcək. Selfi çəkmək üçün də tamaşaçılar olmayacaq, çünki Tokio Olimpiadasına nə əcnəbi, nə də yerli tamaşaçılar buraxılmayacaqlar.
Çoxsaylı məhdudiyyətlər Olimpiadada iştirak etmək üçün Yaponiyaya gələn və sayları həddindən artıq ixtisar edilən yüksək səviyyəli dövlət nümayəndə heyətlərinin üzvlərinə də şamil olunacaq. Həmin şəxslər də xüsusi icazə olmadan ictimai nəqliyyatdan istifadə edə və öz komandalarının üzvləri ilə ünsiyyət qura bilməzlər. Yeri gəlmişkən, Yer Kürəsinin birinci şəxslərindən yalnız 2024-cü ildə növbəti Olimpiadaya ev sahibliyi edəcək Fransa Prezidenti Emmanuel Makronun səfəri gözlənilir. Çindən Baş nazirin idman sahəsinə baxan müavininin, ABŞ-dan isə Prezidentin xanımı Cill Baydenin gələcəyi bildirilir. Bu mənada hazırkı Olimpiadanın əvvəlkilərdən fərqli olaraq yüksək səviyyəli diplomatik danışıqlar üçün əlverişli meydana çevriləcəyini demək də mümkün deyil.
Olimpiadanın nəticəsi olaraq təqdim ediləcək mükafatlar da əvvəlki yarışlardan fərqli olacaq. Belə ki, Tokio Olimpiadasında qalib gələcək idmançılara təqdim edilən medallar tullantılardan hazırlanıb. Bu medallar yarışlara bir neçə il qalmış Tokio şəhər administrasiyasının təşəbbüsü ilə istifadə üçün yararsız olan müxtəlif elektron avadanlığın - smartfon, android və notbukların hissələrindəki qiymətli metallardan hazırlanıb. Tokio sakinlərinin topladığı təqribən 6 milyon qadcetdən hazırlanan həmin medallar keyfiyyətinə görə əvvəlki Olimpiadaların mükafatlarından heç də geri qalmır.
Lakin bütün bu risklərə və məhdudiyyətlərə baxmayaraq, idmançılar yarışlara qatılmaqdan məmnundurlar. Çünki "Tokio-2020" çoxdan gözlənilən yarışlardır. Ümumilikdə 339 komplektdən ibarət müxtəlif əyarlı medallar isə hansı materialdan hazırlanmasından asılı olmayaraq, bu yarışlara qatılacaq idmançılar üçün çox qiymətli mükafat olacaq.