Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2021 20:57
Yay mövsümü ailə üzvləri və dostlarla açıq havada, təbiət qoynunda əyləncə üçün çoxlu imkanlar açır. Lakin bu zaman qida yolu ilə keçən bakteriyaların yetişməsi üçün də geniş zəmin yarana bilər. Belə ki, isti havada bakteriyalar daha tez bölünüb çoxalır. Yay əyləncələrində, xüsusən də çimərlikdə olarkən qida mənşəli problemlərdən qorunmaq üçün bəzi tövsiyələri daim diqqət mərkəzində saxlamaq lazımdır.
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri Nərmin Axundova, Gülnarə Quluzadə və Cəmilə Əhmədovanın hazırladığı məqalədə bu barədə bəhs olunur.
İlk növbədə gigiyena qaydalarına ciddi əməl edilməlidir. Qida təhlükəsizliyi əllərin düzgün və təmiz yuyulmasından başlayır. Qida ilə yoluxan xəstəliklər çox vaxt çirklənmiş əllərlə yaranır. Əllərin və qida ilə təmasda olan səthlərin təmizliyi qida yolu ilə yoluxan xəstəlik və digər infeksiya riskini azaldır. Bundan başqa yalnız istehlak üçün yararlı olan sudan istifadə tövsiyə olunmalıdır. Bakteriya və viruslar açıq gözlə görülməyəcək qədər kiçikdir. Yemək hazırlamaq, içmək və ya əl yumaq üçün şüşə qabda təmiz su götürmək daha yaxşıdır. Qab-qacaqların təmizliyi vacib şərtdir. Çarpaz çirklənmənin qarşısını almaq üçün, xüsusən də qril və ya kabab hazırlayarkən çiy ət, quş əti və ya dəniz məhsullarını qoyduğunuz boşqablardan təkrarən hazır yemək qoymaq üçün istifadə edilməməli, onlar mütləq isti və sabunlu su ilə yuyulub durulanmalıdır.
Qida məhsullarını uzun müddət keyfiyyətli saxlaya bilmək üçün buz və ya gel ilə doldurulmuş izolyasiyalı paketlərdən ibarət soyuducudan istifadə edilməlidir. Çimərliyə gedərkən (birbaşa günəş işığı xaricində) soyuducunu avtomobilin ən soyuq hissəsində daşımaq lazımdır. Soyuq saxlanması lazım olan qidalara çiy ət, toyuq əti, dəniz məhsulları, doğranmış meyvə-tərəvəz, tez xarab olan süd məhsulları aiddir. Digər qidalara damcılamanın qarşısını almaq üçün çiy ət soyuducunun alt təbəqəsində xüsusi qabda saxlanılmalıdır. Həmçinin çiy ət və dəniz məhsullarının etibarlı şəkildə büküldüyündən əmin olmaq lazımdır ki, bişmiş qidaları və ya meyvə-tərəvəzi çirkləndirməsin. Soyuducuda qablaşdırmadan əvvəl təzə meyvə-tərəvəz axar su altında yuyulub, təmiz parça dəsmal və ya kağız dəsmal ilə qurulanmalıdır. Mütəmadi istifadə olunan məhsullar üst təbəqəyə qoyulmalıdır.
Soyuducunu tez-tez açıb-bağlamaq temperaturun artmasına səbəb ola bilər. Bu baxımdan yemək və içki üçün ayrı soyuducuların olması məsləhət görülür. Soyuducunu kölgədə və ya sığınacaqda qoyaraq, birbaşa günəş şüalarından uzaq tutmaq vacibdir. Yəni günəşdən kənar bir yer təyin edib, qismən qumda basdırmaq olar. Üzəri isə adyalla örtülməli və ya çimərlik çətiri ilə kölgə salınmalıdır. Soyuducunun bir gün əvvəldən soyudulması daha yaxşıdır, çünki onun daxili temperaturu ilıq olduğundan buz paketlərini yerləşdirdikdə müəyyən miqdarı əriyə bilər. Ona görə də evdən çıxmazdan əvvəl dondurula biləcək məhsullar dondurulmalıdır. Nəzərə almaq lazımdır ki, soyuq hava kütləsi aşağı düşdüyündən soyuducunun alt təbəqəsi daha sərin olur. Kənardan daxil olan havanın dolaşmaması üçün soyuducunun içini tamamilə doldurmaq lazımdır. Əgər kifayət qədər qida və içki yoxdursa, su şüşələrini dondurub, boş yerlərə yerləşdirmək olar. Soyuq yeməklərin 4 dərəcə C temperaturda və daha aşağı temperaturda saxlanılmalı olduğu da nəzərə alınmalıdır.
Yay əyləncələri zamanı qida seçiminə diqqət yetirilməlidir. Hazırlanma proseduru mürəkkəb olmayan və dağılmayan qidalara üstünlük verilməli, yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edilməlidir (bunun üçün xüsusi termometrdən istifadə etmək olar). Yeməyin lazımi temperaturda saxlanılması da vacib şərtdir.
Tez xarab olan yeməklər 2 saatdan çox, isti havalarda (32 dərəcə C-dən yuxarı) isə 1 saatdan çox açıqda qalmamalıdır. Qidanın "təhlükəli bölgə" adlandırılan 4 dərəcə C ilə 60 dərəcə C arasında 2 saatdan çox (və ya açıq havada temperatur 32 dərəcə C-dən yuxarı olduqda 1 saatdan çox) saxlanması bakteriyaların sürətlə çoxalmasına və yoluxucu xəstəliklərin yaranmasına səbəb olur. Soyuq yeməklərin kiçik ölçülərdə servis edilməsi daha düzgündür. Yaxşı olar ki, bu tip yeməkləri elə əvvəlcədən kiçik ölçülərdə qablaşdırılsın, çünki böyük ölçüdə qablaşdırılmış qidanı hər dəfə servis üçün soyuducudan çıxardıqda temperatur balansı pozulur. Ət və toyuq əti bişirildikdən sonra servis edənə qədər isti (60 dərəcə C-də və ya daha isti) saxlanılmalıdır. İsti yeməyi qril rəfinin yanına qoyaraq isti saxlamaq olar.
Turizm obyektlərində də qidalanma zamanı yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi təmin edilməlidir. Həmçinin xəstəliklərə yoluxma hallarının və ya yayılmasının qarşısının alınması məqsədilə profilaktik olaraq bir sıra qaydalara əməl olunmalıdır. Müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir. Mətbəxdə, sanitar qovşaqda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır. Müəssisə daxilində işçi heyət şəxsi gigiyena qaydalarına riayət etməlidir. İşçilər, xüsusilə də mətbəxdə çalışan heyət xüsusi iş geyimində olmalı, gündəlik ev geyimlərinin iş prosesində istifadəsinə yol verilməməli, hər iş növbəsindən sonra geyim forması dəyişdirilməlidir. Yeməklər hazırlanarkən lazımi temperatur dərəcəsinə qədər bişirilməli, xam məhsullar istifadədən əvvəl düzgün yuyulub qurudulmalı, həmçinin yemək dəstləri, mətbəx avadanlıqları, kirli səthlər yuyulub təmizlənməlidir. Qida qəbulu zallarında həm yemək masaları, həm də oturacaq yerləri arasında ara məsafəsi gözlənilməlidir.