Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhidin həyat yoldaşına son sözləri: “Qismətimizə şəhidlik yazılıbsa olacaq, hər şeyə rəğmən sən güclü ol” - FOTO

Şəhidin həyat yoldaşına son sözləri: “Qismətimizə şəhidlik yazılıbsa olacaq, hər şeyə rəğmən sən güclü ol” - FOTO

Tarix: 9 Avqust 2021 21:40

Avqustun 9-u şəhid Rəhim İmamovun doğum günüdür. Öz qanı ilə tarix yazan qəhrəman iki övladını Vətənə əmanət qoyaraq şəhidlik zirvəsinə ucalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rəhim Rauf oğlu İmamov 1990-cı ildə Xaçmaz rayonunun Xaspoladoba kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanan Rəhim Daxili Qoşunlarda rabitəçi kimi xidmət edib. Atası Rauf İmamov Birinci Qarabağ müharibəsi veteranıdır. Rəhimin ən böyük arzusu Qarabağın azad olduğunu görmək idi.

Tovuz hadisələrindən və general Polad Həşimovun şəhid olmasından sonra Rəhimin qisas hissi daha da alovlandı. Evə xəbər etmədən hərbi komissarlığa gedərək könüllü kimi qeydiyyatdan keçir ki, müharibə başlayarsa, ordu sıralarına qoşulsun.

Rəhim bununla da kifayətlənməyib, hərbçi kimi çalışmaq üçün müraciət edir. Vətənpərvər gənc döyüşlər başlamazdan bir ay əvvəl müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə düzəlir. Vətən müharibəsi başlayanda isə ilk gündən minaatan bölüyündə döyüşlərə qoşulur.

"Mən özüm Qarabağ müharibəsi iştirakçısıyam. Üç il Füzuli, Ağdam istiqamətində döyüşlərdə iştirak etmişəm. Övladlarımı da vətənpərvər böyütmüşəm. Rəhim Vətən müharibəsində döyüşlərdə olanda bir neçə dəfə telefonla danışmışıq. Oğlum Vətən uğrunda hər şeyə hazır idi. Hamımıza bir ömür verilib. Əsas o deyil ki, neçə il yaşayasan. Əsas şəhidlərimiz kimi şərəfli ömür yaşamaqdır", - deyə şəhidin atası Rauf İmamov söyləyib.

Rəhim İmamov Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Hərbçi yoldaşları onun qorxmaz döyüşçü kimi Vətən torpaqları uğrunda irəli atıldığını bildirirlər. O, ailəsi ilə sonuncu dəfə oktyabrın 21-i, atasının doğum günündə əlaqə saxlayıb. Rəhim bildirib ki, düşmən geri çəkilir, qələbə günü yaxınlaşır. Həmin gün Rəhimgilin bölüyü Füzulinin Gecəgözlü kəndi uğrunda şiddətli savaşda iştirak edir. Bu döyüşdə Rəhim yaxınlığında mərminin partlaması nəticəsində o, şəhidlik zirvəsinə ucalır.

"Mənim balam balacalıqdan vətənpərvər böyüdü. Aptekdə işləyirdi. Ərizəsini yazıb çıxdı işdən. Getdi hərbi xidmətdə işə düzəldi. Müharibə başlayanda zəng elədi ki, təlimlərə gedirik. Amma sonra döyüşlərdə olduğunu bildik. Rəhim kimi minlərlə Azərbaycan oğlu ilə fəxr edirəm. Allah şəhidlərimizin yerini cənnət eləsin", - deyə şəhidin anası Yasəmən İmamova bildirib.

Rəhim İmamov ailəli idi. Onun 5 yaşında Nihad və 1 yaşlı Fatimə adında övladları yadigar qalıb.

"2014-cü ildə ailə qurmuşuq. Rəhim gözəl ailə başçısı idi. Müharibədə olanda mənə zəng elədi. Dedi ki, Şəhanə sən güclü qadınsan, mən sənə inanıram. Övladlarımıza yaxşı bax, onlardan muğayat ol. Deyirdi bilmək olmaz. Qismətimizə şəhidlik yazılıbsa olacaq, hər şeyə rəğmən sən güclü olmalısan. Şəhid olan günü, oktyabrın 21-i Rəhimi yuxuda gördüm. Üç gün sonra bizə Rəhimin şəhid olduğu barədə məlumat verdilər", - deyə şəhidin həyat yoldaşı Şəhanə İmamova söyləyib.

Rəhim İmamov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Şəhidin həyat yoldaşına sözləri Qismətimizə şəhidlik yazılıbsa olacaq hər şeyə rəğmən sən güclü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ