Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 14:18
"KTMT-nin baş katibi Stanislav Zasın Ermənistana gəlməsi çoxdan gözlənilirdi. Bunu elə həmin görüş zamanı Ermənistanın müdafiə naziri Arşak Karapetyan da bildirdi ki, biz sizi çoxdan gözləyirdik. Hətta buna görə Zasa "Sizi may ayında gözləyirdik. Çox təəssüf ki, səfəriniz baş tutmadı" sözləri ilə öz etirazını bildirdi".
Bunu Sonxeber.net-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib.
O bildirib ki, Ermənistanla KTMT arasında artıq narazılıqlar dərinləşir:
"Stanislav Zasla erməni nazirin görüşü bir daha göstərdi ki, Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında artıq müəyyən narazılıqlar var. Ermənistanda hesab edirlər ki, bu təşkilat Ermənistanı Azərbaycandan qorumalıdır, Ermənistan istədiyi hərəkətləri etməlidir, sərhəddə təxribatlar törətməlidir, Azərbaycana qarşı işğalçılıq siyasəti yeritməlidir, öz qonşularını silahla təhdid etməlidir, amma bu təşkilat eyni zamanda Ermənistanın bu hərəkətlərini müdafiə etməlidir. Təbii ki, bu belə deyil. KTMT bir təşkilat olaraq Ermənistanın sərhədlərini qoruyur. Amma sərhədlərdən kənarda, eyni zamanda Qarabağa cavabdeh deyil. Bir neçə dəfə Zas tərəfindən bu barədə Ermənistan tərəfi məlumatlandırılmışdı ki, hətta sərhəddə baş verən hadisələrin belə bu təşkilata aid məsələlərə daxil olmadığını bildiriblər.
Ermənistanda bu təşkilata qarşı müəyyən bir hərəkat hiss olunurdu və Zasın səfəri bu təzyiqləri müəyyən qədər yumşaltmaq məqsədi güdürdü və eyni zamanda ermənilərə başa salmağa istiqamətlənmişdi ki, "sizin iddialarınız düzgün deyil. Siz arxayın olmamalısınız ki, bu təşkilat sizi qoruyacaq, yaxud da ki, sizin təxribatçı hərəkətlərinizə haqq qazandıracaq". Bu səfər zamanı da Ermənistan KTMT-dən istədiyini ala bilmədi.
Yadınızdadırsa, Paşinyan bu təşkilatın monitorinq qrupunun yaradılmasını və onun Ermənistan-Azərbaycan sərhəddinə göndərilməsini tələb etmişdi. Demişdi "Əgər siz monitorinq qrupu göndərməsəniz biz bunu başqa beynəlxalq təşkilatlardan tələb edəcəyik. Yardım gəlsə də etiraz etmərik". KTMT-nin son reaksiyaları bir daha mesaj oldu ki, bu tələb də yersizdir. Beynəlxalq aləmdə, xüsusən də Əfqanıstanla sərhəd olan bölgədə baş verən hadisələrlə əlaqədar bu təşkilat Ermənistana nə monitorinq qrupu, nə də nəzarətçi göndərmək iqtidarında deyil. Deməli Paşinyan və Ermənistanda digər siyasi qüvvələr də bu məsələni dəqiq bilirlər. Bilirlər ki, KTMT indiki şəraitdə bu gün Ermənistana heç bir qrup göndərmək imkanına malik deyil. Deməli məqsəd Rusiyanın rəhbərlik etdiyi bu təşkilatı beynəlxalq aləmdə və üzvlər arasında gözdən, nüfuzdan salmaqdır. Məhz Zasın İrəvana gəlməsinin səbəbi də bu məsələlərə aydınlıq gətirmək idi.
Ermənistan müdafiə naziri bu görüşdən heç bir gün keçməmiş Moskvaya səfər etdi. Deməli, Zasın gəlməsi nəinki onlar arasında olan problemləri həll etdi, hətta bəzi həll olunmamış və həlli vacib olan məsələlər kənarda qaldı. Arşak Karapetyan təcili Moskvaya getməyə məcbur oldu ki, cavab ala bilmədiyi suallara bəlkə Rusiya müdafiə naziri Şoyqudan cavab alsın.
Ermənistan müdafiə naziri Zasla görüş zamanı Azərbaycana qarşı təhrikedici bəyanatlar səsləndirdi. Müharibənin əvvəllərində də, yəni 44 günlük Vətən savaşının ilk günlərində də Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan da bu cür bəyanatlar səslənidirirdi. Onun aqibəti də hamımıza bəllidir. İndiki müdafiə nazirinin də bu cür bəyanatlar səsləndirməsinin sonu Ermənistan üçün yaxşı olmayacaq. Amma bu dəfə deməzdim ki, hər hansı xarici qüvvə Karapetyanı bu cür fikirlər səsləndirməyə vadar edir. Sadəcə, onlar daxili auditoriya üçün artıq bu cür müəyyən fikirlər səsləndirməklə daxildə olan prosesləri müəyyən qədər nəzarətə götürmək, müxalifəti sakitləşdirmək istəyirlər. Və digər tərəfdən də onların arxalandığı Avropa Birliyi, Fransa və digər ölkələr var. Bildiyiniz kimi hətta Avropa Birliyi bu yaxınlarda Ermənistana çox güclü maliyyə dəstəyi (2,6 milyard) etdi. Ermənistan hərbi-siyasi dairələrini revanşist şüarlar səsləndirməyə məcbur edən, yaxud da ki, həvəsləndirən də məhz AB-nin bu cür maliyyə yardımı da ola bilər".
Təhməz Əsədov