Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əlifba'' kitabının müəllifi 94 yaşında vəfat etdi

''Əlifba'' kitabının müəllifi 94 yaşında vəfat etdi

Tarix: 13 Avqust 2021 12:32

"Əlifba" kitabının müəllifi, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Yəhya Kərimov vəfat edib.

Sonxeber.net report-a istinadən bildirir ki, o, bu gün 94 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Qax rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Yəhya Şəfi oğlu Kərimov 1927-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olub, daha sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyib.

1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.

1955-ci ildən Elmi Pedaqoji İnstitutunun aspiranturasında təhsil alıb, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi, 1961-ci ildən şöbə müdiri işləyib. 1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işlər üzrə direktor müavini olub.

Uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun müdafiə şurasının sədr müavini və sədri işləyib. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirib.

Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri", "Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s. monoqrafiyaların müəllifidir. 1959-cu ildən indiyədək ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktorudur. 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifidir.

Hazırda onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən istifadə olunur.

1970-ci ildən "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının redaktoru olub.

Allah rəhmət eləsin!


Etiketlər:  Əlifba kitabının müəllifi yaşında vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ