Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 12:24
"Əslində 9 aydan da qısa bir müddət ərzində Azərbaycan kimi kiçik bir ölkənin bu qədər infrastruktur layihəsi həyata keçirməsi özü kifayət qədər diqqətəlayiq bir məsələdir, heç də o qədər asan başa gələn bir məsələ deyil. Bunu kifayət qədər strateji hazırlıqlı və inadkar, qətiyyətli bir dövlət həyata keçirə bilər".
Bunu Sonxeber.net-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.
O bildirib ki, biz separatçı xuntanın rəhbərləri, cinayətkar klanın üzvləri kimi Şuşada oturub hərbi mesajlar vermirik:
"Təsəvvür edin, bizim işğaldan azad edilən ərazilərə, xüsusilə də Şuşaya getmək üçün yolumuz belə yox idi. Orada hətta elementar olaraq işçilərin oturub bir çay, su içəcəkləri infrastruktur belə mövcud deyildi, gecələmək üçün bir qonaq evi belə yox idi. Belə bir şəraitdə 9 aydan da az bir müddətdə Şuşa şəhəri demək olar ki, yenidən qurulub. Kəlbəcərə Murov dağını aşaraq elektrik xətləri, yol çəkilib, Murov aşırımından tunel layihəsi həyata keçirilib, Füzulidə hava limanı istifadəyə verilir. Heç bir yolun, izin olmadığı belə bir şəraitdə bu infrastruktur layihələrin həyata keçirilməsi əslində çox böyük uğurdur. Əslində bunlar həyata keçirilməsi çox çətin olan missiyalardır, o qədər də rahat deyil. Təsəvvür edin, tək Şuşa şəhərində artıq bir neçə yerli və regional miqyasda festival keçirilib, bir neçə mədəniyyət tədbiri keçirilib, Molla Pənah Vaqifin də məqbərəsinin belə qısa müddətdə bərpa olunması kifayət qədər əhəmiyyətli hadisələrdir. Heç bir infrastrukturun olmadığı bir şəraitdə bunların həyata keçirilməsi əslində bizim Şuşanın bərpası istiqamətində nə qədər inadkar və əzmkar olduğumuzu, dövlətimizin mövqeyini göstərən bir faktdır.
İşğaldan azad edilən ərazilərdə sürətlə aparılan bütün bərpa-quruculuq işlərini görmək çox xoşdur. Yadıma bir hadisə düşdü: Heydər Əliyev cinayətkar "Qarabağ klanı"nın rəhbəri olan, sonradan Ermənistan prezidenti olmuş Robert Köçəryandan soruşmuşdu ki, Vaqifin məqbərəsi niyə o gündədir, niyə dağıdılıb? Hətta demişdi ki, "Bu, sənin işin olar". Köçəryan cavab vermişdi ki, "Yox, Heydər Əliyev. Mən bunu etmərəm. Biz bilmirik kim edib". Oradan uzaqlaşandan sonra Heydər Əliyev dönüb keçmiş diplomat Vilayət Quliyevə demişdi ki, "Köçəryan banda başıdır, elə məqbərəni özü dağıdıb. O özü bu işdə günahkardır". 30 il sonra Prezident İlham Əliyevin gedib həmin məqbərənin bərpasından sonra yenidən açılışını etməsi və orada bizim həmin vaxtkı keçmiş səfirlərimizdən Vilayət Quliyevin də iştirak etməsini taleyin bizə bəxş etdiyi qürurlu olay kimi qəbul etməliyik. Əslində biz öz intiqamımızı Vaqif məqbərəsini olduğundan da daha möhtəşəm şəkildə yenidən qurmaqla, yenidən açılışını etməklə və orada yenidən poeziya günlərini keçirməklə aldıq deyə düşünürəm. Bizim qisasımız daha çox qanla, qəddarlıqla deyil, məhz elə "Xarıbülbül" Muğam Festivalı, Vaqif Poeziya Günləri kimi ədəbiyyatla, mədəniyyətlə, incəsənətlə olacaq. Bu da bir daha Azərbaycan övlətinin böyüklüyünü göstərir.
Biz 9 aydan qısa bir müddət ərzində bu qədər infrastruktur layihəsi həyata keçirmişik. İnfrastruktur hələ tam formalaşmadan belə, Şuşanı artıq mədəniyyət beşiyinə çeviririk. Biz orada musiqi festivalı, poeziya günləri keçiririk. Biz separatçı xuntanın rəhbərləri kimi orada oturub, cinayətkar klanın üzvləri kimi hərbi mesajlar vermirik. Biz dünyaya sülh, ədalət və dostluq mesajları veririk. Bizim üçün bunun əsas üstünlüyü odur ki, bizim oradakı yurdumuzu-yuvamızı, gözəl qədimi şəhərimizi yenidən bərpa etmək və oranı mədəniyyətin mərkəzinə çevirməkdir".
Təhməz Əsədov