Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 22:26
Yaponiya hökuməti Tokio da daxil olmaqla bir neçə prefekturada COVID-19 ilə əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini uzatmaq üçün müzakirələr aparır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Tokio, Osaka və daha 19 prefekturada vəziyyətin hələ də ağır olduğu nəzərə alınaraq, hökumət sentyabrın 12-də başa çatacaq fövqəladə vəziyyət rejiminin müddətini uzatmaq niyyətindədir. Digər 12 prefekturada isə koronavirusa qarşı intensiv tədbirlərin davam etidirilməsi nəzərdə tutulur.
Bildirilir ki, Hiroşima prefekturası hökumətə regionda fövqəladə vəziyyət rejiminin uzadılması barədə xahişlə artıq müraciət edib.
Fukuoka prefekturası da hökuməti fövqəladə vəziyyət rejimi aradan qaldırılacağı təqdirdə koronavirusa qarşı mübarizənin ağır olacağı barədə məlumatlandırıb.
Osakanın qubernatoru Yoşimura Hirofumi isə qeyd edib ki, prefekturadakı xəstəxanalarda çarpayıların çatışmadığı şəraitdə fövqəladə tədbirlərini yumşaltmaq olmaz.
Hökumət gündəlik yoluxma sayının azalmasına baxmayaraq, ağır xəstələrin sayının hələ də çox olmasını və səhiyyənin vəziyyətinin çətin olmasını nəzərə alaraq, fövqəladə rejimin uzadılması məqsədilə müzakirələri davam etdirir.
Avqustun 9-da Baş nazir Yoşihide Suqanın rəhbərli etdiyi hökumətin yekun qərar qəbul etmək üçün mütəxəssislərlə görüşəcəyi gözlənilir.