Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2021 14:30
Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: "Son illər ərzində bir çox yüksəkvəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər. Nəyə görə? Törətdikləri cinayətlərə görə, əməllərə görə. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. İşsizliyin səviyyəsini azaltmaq, xüsusilə dünyada gedən böhranlı vəziyyəti, sosial-iqtisadi böhranı, pandemiya dövrünü nəzərə alaraq mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əməkhaqqına bərabərdir. Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər. Yəni, bu qədər vicdansızlıq ola bilərmi? Məşhur videokadrlar var. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Bu videokadrlar var, hər kəs bunu görüb və nifrət edib o adamlara ki, nə qədər yardım göndərilib, bunun filan faizini götürək bazarda sataq. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?! Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir".