Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çəyirdəyi də valyuta gətirir

Çəyirdəyi də valyuta gətirir

Tarix: 2 Oktyabr 2021 11:54

Sonxeber.net "Kaspi" qəzetində dərc olunan məqaləni təqdim edir.

Üzümçülükdə tullantısız istehsal prosesinin təşkili olduqca vacibdir. Bunun üçün ölkəyə yeni texnologiyalar gətirilməli, qabaqcıl ölkələrin təcrübəsi əsasında istehsalat sahələri açılmalıdır. Bu isə fərdi sahibkarlığın inkişaf etdirilməsi ilə bilavasitə əlaqəlidir.

Azərbaycan xalqının təsərrüfat həyatında üzümçülük mühüm yer tutur. Ölkə ərazisində əlverişli təbii-coğrafi şərait olduğuna görə, üzümçülük xeyli inkişaf yolu keçib. Hətta bəzi bölgələrimizdə sözügedən təsərrüfat növü əhalinin əsas məşğulluğunu təşkil edib və etməkdədir.
 
Geoloji tarixin üçüncü dövründə
 

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun yaydığı məlumata görə, hazırda Şimali Amerika, Şərqi Asiya və Avropa əraziləri dünyada üzüm bit­kisinin mənşə mərkəzləri hesab olunur. Avropa, Qafqaz respublikaları, xüsusilə də Azərbaycan üzüm bitkisinin ən qədim mənşə, yaranma və formalaşma mərkəzlə­rindən olub, yabanı üzüm formaları və qiymətli yerli üzüm sortları ilə zəngindir. Bu bitkinin qazıntılar zamanı tapılan yarpağının qalıqları və toxumları sübut edir ki, üzüm bizim planetin geoloji tarixinin üçüncü dövründə meydana gəlib. Buna əyani sübut olaraq Azərbaycanın Naxçıvan bölgəsindən tapılan yabanı üzümün daşlaşmış qalıqlarını ən dəyərli tapıntı kimi göstərmək olar.
  
Orda tullantıya heç nə getmir
 
Bütün bu faktlar bir daha təsdiq edir ki, Azərbaycan üzüm bitkisinin ən qədim yaranma və formalaşma mərkəzlərin­dən biridir. Ölkəmiz qədim üzümçülük və şərabçılıq diyarıdır. Lakin təəssüf ki, bu ənənə və geniş imkanlardan lazımi səviyyədə istifadə edilmir, müasir dövrdə üzümçülükdə, ümumən istehsalatda dəyər zəncirini tam qura bilmirik. Xarici ölkələrdə, o cümlədən Türkiyədə isə üzümdən sadəcə giləmeyvə, quru meyvə - kişmiş kimi istifadə edilmir, şərab hazırlamaqla proses yekunlaşmır. Üzümün çəyirdəyi xaricə idxal olunur, yaxud dərman vasitələrinin hazırlanmasında istifadə edilir. Üzümün qalıqlarından heyvan qidası da hazırlanır. Nəticə etibarilə üzümdən tullantıya heç nə getmir. Bu meyvədən maksimum fayda götürülür.
 
Sahibkarlıq subyektlərinə dövlət dəstəyi
 

İqtisadi baxımdan olduqca gəlirli sahə sayılan üzümçülükdə, ümumən istehsalatda dəyər zəncirini təşkil etmək üçün hansı addımlar atılmalıdır? Dəyər zəncirinin təşkili iqtisadi baxımdan nə dərəcədə əhəmiyyətlidir? Bu, ölkəyə, o cümlədən təsərrüfatçıya nə verir? Sonxeber.net xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında üzümçülük və şərabçılığın Azərbaycanda qədim tarixə sahib olduğunu diqqətə çatdırıb. Millət vəkili təəssüflə vurğulayıb ki, ötən əsrin 90-cı illərinin əvvəlində bu sahələrdə geriləmə müşahidə olunub: "Həmin vaxtlarda üzüm plantasiyaları ləğv edildi, istehsalat dayandı. Lakin həm ümummilli lider Heydər Əliyevin prezident olduğu illərdə, həm də Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi tarixdən indiyə qədərki dönəmdə kənd təsərrüfatının digər sahələri kimi üzümçülüyün inkişafına da xüsusi diqqət yetirilib. Bununla bağlı müvafiq dövlət proqramları qəbul edilib, sərəncamlar imzalanıb. Ölkədə üzümçülüyün ən azı əvvəlki səviyyəyə çatdırılması başlıca vəzifə kimi qarşıya qoyulub".

Fermerlərin üzərinə düşən məsuliyyət

İqtisadçı deputat söyləyib ki, hazırda üzümdən ancaq meyvə, quru meyvə kimi istifadə olunur, müxtəlif adda şərablar hazırlanır. O, bunun kifayət etmədiyini xatırladıb: "Üzüm istehsalında da dəyər zəncirini yaratmaq mümkündür. Bir çox xarici ölkələrdə belə bir nümunələr var və onlar üzümdən daha səmərəli şəkildə istifadə edirlər. Həmin ölkələr son məhsula qədər tullantısız emal prosesi həyata keçirirlər. Azərbaycanda hələlik üzümçülükdə belə bir təcrübə tətbiq edilməsə də, fındıqçılıqda buna rast gəlmək mümkündür. Emal prosesində fındığın özü ilə yanaşı qabığından da istifadə olunur. Üzümçülükdə də tullantısız istehsal prosesinin təşkili olduqca vacibdir. Bunun üçün ölkəyə yeni texnologiyalar gətirilməli, qabaqcıl ölkələrin təcrübəsi əsasında istehsalat sahələri açılmalıdır. Bu isə fərdi sahibkarlığın inkişaf etdirilməsi ilə bilavasitə əlaqəlidir. Dəyər zəncirinin son mərhələsinə qədər icra olunması da bu çərçivədə sahibkarlardan, fermerlərdən asılıdır".
 
İqtisadi səmərə

Millət vəkili deyib ki, üzümçülükdə dəyər zəncirinin təşkilini sahibkarlar, fermerlər özləri könüllü şəkildə həyata keçirməlidirlər: "Fermer, sahibkar maraqlı olmalıdır ki, mövcud imkanlardan yararlanmaqla üzümçülükdə son məhsula qədər emal prosesini qursun. Öz növbəsində bu, həmin sahibkarın, fermerin gəlirlərini artıracaq, heyvandarlığın inkişafına təsir edəcək, ümumilikdə ölkə iqtisadiyyatına töhfə verəcək. Üzvi tullantıların emal prosesinə cəlb olunması gübrələrin hazırlanmasına səbəb olacaq. Bu kimi müxtəlif istiqamətdə müsbət nəticə əldə etmək mümkündür. Hər bir tullantının emal və yenidən istehsala qaytarılması həm yeni iş yerlərinin yaradılması, həm də iqtisadi səmərə deməkdir".


Etiketlər:  Çəyirdəyi valyuta gətirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ