Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2021 12:48
Dərslərin başlaması ilə universitetlərin yanında parkinq problemi yenidən gündəmdədir. Deməli, paytaxt Bakıda elə universitetlər var ki, 10-15 mindən yuxarı tələbəsi, eləcə də yüzlərlə müəllimi və digər əməkdaşları var. Ancaq bu qədər böyük kollektiv üçün avtomobil saxlamağa normal dayanacaq yoxdur. Nəticədə universitetlərin ətrafında sıxlıq yaranır. Bəs bu problem əslində necə həllini tapmalıdır?
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Paytaxt Bakıda tələbələr təhsil aldıqları universitetlərin ətrafında avtodayanacağın olmamasından şikayət edirlər. Bu kadrlar Bakı Dövlət Universitetinin yanında lentə alınıb.
Onlar deyirlər ki, sırf avtodayanacağın olmaması səbəbindən universitetə şəxsi avtomobilləri ilə gələn tələbələr dərslərə gecikirlər. Bu problem nəinki tələbələri, eləcə də müəllimləri və ətrafda taksi xidməti göstərən sürücüləri də narahat edir.
Universitet ətrafında qanunsuz olaraq parklanma pulu alanların peyda olması da başqa bir problem kimi tələbələri narahat edir.
Tələbələr xüsusi parklanma yerlərinin olmasını təklif edirlər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, universitetlər üçün bina ayrılarkən nəqliyyat problemlərinin həlli də öncədən konsepsiyaya daxil edilməlidir.
Paytaxtdakı minlərlə tələbəsi olan universitet binalarının əksəriyyəti sovet vaxtı tikildiyindən onlar müasir universitet şəhərciyi standartlarına cavab vermir və parkinq probleminin kökündə də məhz bu amil dayanır.