Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samuxda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı olub - FOTO

Samuxda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı olub - FOTO

Tarix: 11 Oktyabr 2021 17:14

Nazir Sahil Babayevin iştirak etdiyi tədbirdə 50 mənzil təqdim edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksindən şəhid ailələri və müharibə əlillərinə mənzillərin verilməsinə başlanıb. 50 mənzil Samux və Şəmkir rayonlarının bu kateqoriyalardan olan sakinlərinə təqdim edilib.

Nazirlikdən verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tədbirdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin Samux rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Mənzillərin təqdim edilməsi tədbirində S.Babayev vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində qəhrəmanlıq tarixi yazaraq Zəfər qazandı, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı doğma yurdlarımızı azadlığına qovuşdurdu. Vətən müharibəsində qüdrətli və məğlubedilməz orduya malik olduğunu nümayiş etdirən Azərbaycan eyni zamanda güclü sosial siyasətini göstərir.

Nazir postmüharibə dövründə şəhid ailələrinin üzvləri, qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət 31 min insanın çevik və genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunduğunu, onlara 39 minədək xidmətin göstərildiyini deyib. Bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı üç il əvvələ nisbətən bu il 5 dəfə genişlənib: 2021-ci ildə 3 min mənzil və fərdi evin təqdim edilməsi işləri aparılır. Onlardan artıq 1700 mənzil təqdim edilib. Bu günə qədər isə 11 minə yaxın mənzil və fərdi ev bu kateqoriyalardan olan vətəndaşlara verilib.

S.Babayev dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və müharibə əlillərinə 11 min mənzil və fərdi evin veriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərimiz uçota alındıqdan çox qısa zaman sonra artıq onların mənzillə, eləcə də müharibə əlilərinin avtomobillə təminatı həyata keçirilir. Bu da dövlət başçısının Vətən müharibəsi şəhidlərinin ailələri və əlillərinə xüsusi qayğısını bir daha təzahür etdirir.

A.Qocayev Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərinin həmişə diqqət və qayğı ilə əhatə olunduqlarını, bu sahədə Samux rayonunda da məqsədyönlü işlər aparıldığını bildirib.

Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksi 9 binadan ibarət olmaqla 200 mənzillidir. Müasir tələblərə uyğun infrastrukturun yaradıldığı yaşayış kompleksində 144 şagirdlik məktəb, 50 yerlik bağça, klub icma mərkəzi, 2 idman meydançası da var.

Yeni mənzillə təmin edilən vətəndaşlar ötən il Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Zəfərin sonsuz qürur hisslərinin əsrlər böyu xalqımızın qəlbində yaşayacağını vurğulayıblar. Onlar şəhid ailələrinin və müharibə əlillərinin sosial dəstəklə təmin edilmələri, rifah halının yaxşılaşdırılması üçün aparılan işlərdən razılıqla söz açıb, göstərilən diqqət və qayğıya, bu gün müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.


Etiketlər:  Samuxda şəhid ailələri müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ