Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 23:32
44 günlük müharibənin az qala hər saniyəsi, dəqiqəsi xatirimdən heç vaxt getməyəcək. Müharibənin başladığı saatlar, dəqiqələr, elə bil, bir anda dünyanın altının üstünə çevrilməsi, dağıdılan, yanan hədəflər, qışqırıq səsləri, ilk yaralılar və ilk şəhidlər... Bunlar unudulmayacaq anlardır. Birdən-birə, neçə saat və yaxud dəqiqə əvvəl yanbayan əyləşdiyin, söhbətləşdiyin insanların yaralanmasını, şəhid olmasını görmək qədər ağır nəsə təsəvvür etmək çətindir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri 2020-ci il sentyabrın 20-də 40 günlük hərbi toplantıya çağırılan, 44 gün müharibənin bütün üzünü görən Vətən müharibəsinin qazisi Xalid Ağalıyev deyib.
XATIRLATMA:
Xalid Dünyamalı oğlu Ağalıyev 1977-ci ildə Cəlilabadda anadan olub, orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində oxuyub və 1998-ci ildə oranı bitirib.
Tələbə vaxtında jurnalistika ilə məşğul olub: "Universitetdə oxuyurdum və tələbə üçün pulun nə qədər vacib olduğu bəllidir. Gedib qoşuldum "Şərq"çilərə və 2000-ci ilə - həqiqi hərbi xidmətə gedənə qədər "Şərq" qəzetində çalışdım. Hərbi xidmətimi Daşkəsəndə, artilleriyaçılar bölüyündə taqım komandiri kimi keçdim. Qayıdandan sonra yenə qəzet redaksiyasında salışdım, redaktor vəzifəsinə qədər yüksəldim. Həmin dövrdə mövcud olan proqram çərçivəsində ABŞ-da keçirilən kurslarda iştirak elədim, gələndən sonra isə hüquqşünaslıq sahəsində çalışmağa başladım".
Çağırış zəngi
2020-ci il sentyabrın 20-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad şöbəsindən zəng vurub dedilər ki, hərbi toplantı var: "İkigünlük hərbi toplantıdan sonra erməni tərəfin təmas xəttində törətdiyi təxribatların intensivləşməsi səbəbindən bizi müxtəlif dislokasiya yerləri üzrə böldülər. Mən Müdafiə Nazirliyinin əlahiddə hərbi hissəsinə düşdüm və divizionda idarəetmə taqımının komandiri vəzifəsində xidməti davam etdirdim. Sentyabrın 26-da Füzuli bölgəsində ermənilərin mövqeləri ilə üzbəüz durduq və gecə saatlarında onların intensiv atəşinə baxmayaraq ki, biz hələ cavab vermirdik. Sentyabrın 27-si saat 07.00-da ilk artilleriya cavab atəşi açdıq".
Topların simfoniyası
Napoleon deyib: "Kimdə qabaqcıl artilleriya varsa, Allah onun tərəfində döyüşür". Bu sözlərin deyilməsindən 200 ildən artıq müddət keçib, amma bu gün də aktualdır.
Artilleriya, əlbəttə, yaratdığı üstünlüklərlə bərabər ən çətin sahə sayıla bilər. Bir onu demək kifayətdir ki, artilleriyanın aktiv vaxtı gün ərzində minimum üç dəfə yer dəyişirsən. 2-3 saat dayanmadan atəş açdıqdan sonra yerdəyişmə mütləqdir, yoxsa özün hədəfə çevrilə bilərsən. Bu isə 20 top, onları çəkmək üçün 20 maşın, 20 ehtiyat maşını, bir sözlə, ağır və gərgin prosedurdur. Onu deyim ki, nə qədər əziyyətli görünən iş olsa da artilleriya cəlbedicidir, topların səsindəki simfoniyanı isə atəşin açıldığı məqamlarda duyursan...
Füzuli və Cəbrayılın vəziyyətindən sarsıldım...
İlk döyüşlərimiz Füzulidə, sonra Cəbrayıl istiqamətində gedirdi, daha sonra Zəngilanda - Qoturbulaqda olarkən bizim divizion Qubadlıdakı piyada qüvvələrinə intensiv dəstək verdi, sonra Füzuliyə qayıtdıq. Füzulidən sağa tərəf hərəkət edirdik - Hadruta, daha sonra Xocavənd istiqamətində Tuğ, Böyük Tağlar və nəhayət Şuşa ətrafındakı Daşaltı kəndində dislokasiya olunduq. Hədəf məlum idi: Şuşa...
İlk dəfə Füzuli və Cəbrayıl istiqamətində olarkən gördüyüm səhnələr sarsıdıcı idi. Bu səhnələrin hər bir detalının arxasında düşmənin Azərbaycan adı ilə bağlı olan hər bir şeyə nifrətini, kinini görmək olurdu. Yox, onu sözlə ifadə edə bilmirəm. Dağıdılmış evlər bir yana, ağacları kəsmələrini də haradasa, başa düşmək olar, o ağacların kökünü qazımaq həmin görüntünü tam açırdı. Təsəvvür edin, sanki atom bombası atılmış məkanda idik. Təsəvvür edə bilərsinizmi, o qan donduran səhnələri görəndə qeyri-iradi Maykl Ceksonun təbiətə tutulmuş divanı ifadə edən "Earth Song"unu xatırladım. Yeri gəlmişkən, dünya musiqi ulduzunun eyniadlı mahnıya çəkdirdiyi klipdə ekologiyanın bərpası səhnələri var, inanıram ki, işğaldan azad edilən rayonlarda icrasına start verilən proqramlar ərazilərimizi o cür abadlaşdıracaq, ekologiyanı sağlamlaşdıracaq.
Əbədiyyət qədər çəkən 7 saat
Bir dəfə gecə birin yarısında balaca mobil telefonun işlədiyini gördüm. İki-üç dəqiqə keçmədi evdən zəng gəldi, telefonu açdım,10 yaşlı qızım idi. Düzdür, bütün atalar kimi, mənə də uşaqların hamısı doğmadır, lakin bu qızım mənə daha çox bağlıdır. Onunla danışdığımız vaxt düşmən artilleriyası işə düşdü və mən danışa-danışa səsi eşidən qızımı sakitləşdirməyə çalışırdım, onun ata, nə baş verdi - sualını eşitsəm də cavab verməyə macal tapmadım, dalğa kəsildi. 5-6 saat davam edən atışmadan sonra, saat 7-yə qədər dalğa olan yer axtardım və təsəvvür edin ki, tapan andaca zəng gəldi, qızım idi. Deməli, bu müddət ərzində o, yatmayıb və dayanmadan zəng vurub... Bu, mənim üçün əbədiyyət qədər çəkən zaman ölçüsü oldu.
Onların hər biri ilə kəşfiyyata getmək olardı...
Döyüş tapşırıqlarından ən məsuliyyətlisi kəşfiyyata getməkdir və qrup rəhbəri bu tapşırıq üçün ən ideal namizədləri seçməyə çalışır. Ona görədir ki, müsbət xarakterizə olunan adamları müharibədə və mülki həyatda belə adlandırırlar: "Onunla kəşfiyyata getmək olar". O adamlar hər biri həyatıma yazılıb - böyük komandirlərimiz Eldəniz müəllim, Samir müəllim, Anar müəllim, Pərvin müəllim və başqaları. Onlara baxanda elə düşünürsən ki, hərəsi 5-6 müharibə keçib. Onların 40-45 yaşı vardı, amma həm döyüşün idarə olunması, həm silahlarla çox yüksək səviyyədə rəftarları elə təəssürat yaradırdı ki, sanki hər biri müharibənin içində böyüyüb. Hərbi hissəmizin ilk şəhidi Rəvan Şahmuradov sanki anadan topçu doğulmuşdu. Ermənilərin 30-32 hərbi texnikadan ibarət kolonunu öndə və arxada gələnləri vurmaqla iflic etdi. Taktika o qədər mükəmməl, artilleriya atəşi o qədər sərrast idi ki, təbii şəraitə görə düşmən kolonu nə irəli, nə də geriyə hərəkət edə bildi. Yeri gəlmişkən, bu gün həmin texnikadan Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.
Əsgərə çevrilən xalq
Bizim birliyə Sumqayıt və Tovuzdan köməyə gələn 2 ekskavatorçu - 55-60 yaşlarında İlqar kişi və gənc Elsevər vardı. Yerdəyişmələr zamanı topların və digər ağır silahların yerləşdirilməsinə, sığınacaqların qazılmasına kömək edirdilər. İlqar 1-ci Qarabağ müharibəsində olmuşdu. Şuşa azad edilməzdən 2 gün əvvəl Daşaltı yaxınlığında mövqe qurmaq üçün ekskavatorçunu da çağırdıq. Həmişə təmkini, ağsaqqal nəsihətləri ilə seçilən İlqar gəldi və topların yanındaca diz çöküb hönkürtü ilə ağladı. O, bizə 1-ci müharibədə Şuşa döyüşlərində yaşadıqlarından, hərbçi dostlarını itirməsindən danışdı. Şuşaya daxil olanda da diz üstə çöküb torpağı qucaqladı. Nərə çəkmək nədirsə, onu, demək olar ki, hamımız orada gördük. Təsirli mənzərə idi...
Cəbhəyə müxtəlif təşkilatlardan, xüsusilə məktəblərdən çoxlu məktublar gəlirdi. Həmin məktublar o qədər səmimi yazılırdı ki... Onlardan biri, Yardımlının Ostayır kəndindən gələn məktub belə bitirdi: Azərbaycan əsgəri, biz səndən Qələbə gözləyirik..!
Ali Baş Komandan
44 günlük müharibə mülkidən gedən bizlərlə, oradakı peşəkar hərbçilərin nümunəsində dövlətlə cəmiyyətin birliyi idi. Ölkəmiz bəlkə də müstəqillik tarixi boyunca ilk dəfə belə həmrəylik, birlik nümayiş etdirirdi. Bu, birbaşa Prezident, Ali Baş Komandan İlham Əliyevin nail olduğu gerçəkliyin təcəssümüdür. Şübhə etmirəm ki, dövlət başçısı xalqımızın son 200 illik tarixində nail olduğu Zəfərin Baş Qəhrəmanı və möcüzə yaradan birliyin Baş Memarı kimi tariximizə yazılıb.
2020-ci ilin dekabrından başlanan yeni həyat
Xalid Ağalıyevin 2020-ci il sentyabrın 20-dən başlanan hərbçi həyatı dekabrın sonuna qədər davam edib. O, bu müddətdə qalib zabit həyatını yaşayıb və etiraf edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 24-də və 25-də imzaladığı sərəncamlarla təltif edildiyi "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları onun 44 günlük müharibə həyatında məxsusi yer tutur: "Bu medallar Zəfər Gününün ən qiymətli yadigarı kimi mənim və ailəm üçün əbədi ehtiramla qorunacaq".