Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2021 21:22
Qurani-Kərim buyurur: "O gün ki, malın və oğulların bir faydası olmayacaq". "Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!". ("Şuəra" 88-89).
Quranın nəzərinə görə qəlbin müxtəlif mənaları vardır, o cümlədən: ağıl, dərk, can, ruh, hisslərin mərkəzi kimi. Quran qəlbi iki yerə bölür: səlim qəlb və xəstə qəlb. Sağlam qəlbin qarşısında xəstə qəlb qərar tutar. Quran bəzi qəlbləri qəsavətlənmiş kimi tanıtmışdır. Bəzi qəlblər haqqında isə danışan zaman onları möhürlənmiş adlandırır.
Sağlam qəlb isə o qəlbdir ki, onda heç bir eyb olmasın. Pak olsun və yumşaq olsun. Hədislərimiz belə qəlbi "Allahın hərəmi" adlandırır.
Əmirəl-möminin (ə) buyurur: "Ruh və qəlb cisim kimi altı hala malikdir:
1. Həyat. (sağ olmaq).
2. Ölüm.
3. Ayıqlıq.
4. Sağlam.
5. Xəstə.
6. Yatmaq".
Bu hədisdən göründüyü kimi, sağlam qəlbin əksi - xəstə qəlbdir.
"Munib" sözü "ənabə" sözündən götürülmüş, mənası əməldə ixlas və tövbə ilə Allaha qayıtmaqdır. Quranın buyurduğuna görə munib o qəlbdir ki, həmişə Allaha diqqət edər. Bütün büdrəmələrinə görə tövbə edər. Bu halı ömrünün sonuna qədər davam edər və bu halla məhşərə daxil olar.
İmam Sadiq (ə) buyurur: "Səlim qəlb o qəlbdir ki, Allahla o halda görüşər ki, Ondan qeyrisi orada olmaz".
Ona görə də deyə bilərik ki, munib qəlb o qəlbdir ki, daima Allaha diqqət edər. Qəlbin sağlam olmasının da əsl səbəbi məhz budur. Bununla yanaşı Allaha olan sevginin, məhəbbətin və əlaqənin də sağlam olmasında böyük rolu vardır.
İmam Sadiq (ə) buyurur: "Qəlb - Allahın hərəmidir və Allahdan qeyrisini Allahın hərəmində sakin etmə".
Qəlbin səlim olmasının başqa bir səbəbi şeytanla əlaqəsini kəsməsidir. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər şeytanlar adəm övladının qəlbini əhatə etməsə, mələkut aləminə nəzər sala bilər".